Son illərdə bitki əsaslı qidalanma tərzi sağlam həyat tərzini seçənlər arasında getdikcə daha populyarlaşır. Bu yanaşma yalnız pəhriz deyil, həm də ətraf mühit və etik baxımdan mühüm bir həyat tərzi kimi təqdim olunur.
Mövzu ilə bağlı Qida Eksperti Asim Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bitki əsaslı qidalanma zamanı ən çox rast gəlinən çatışmazlıqlardan biri B12 vitaminidir:
“Ət məhsulları orqanizm üçün ən vacib qida maddəsidir. Ətin tərkibində yüksək keyfiyyətli zülal, dəmir, B12 vitamini, sink kimi vacib maddələr var. Əti rasiondan tam çıxarsaq, bu maddələrin qəbulu azalar. Düzgün planlama olmazsa, zamanla sağlamlıq problemləri yarada bilər. Digər tərəfdən bitki əsaslı qidalanma düzgün qurulsa, həzm sistemi yüngülləşər, xolesterin səviyyəsi azala bilər, ürək-damar xəstəlikləri riski aşağı düşə bilər. Bu birbaşa qidalanmanın balanslı olub-olmamasından asılıdır. Əgər plansız şəkildə əti rasiondan çıxarsaq faydadan çox, zərər verə bilərik. Bitki əsaslı qidalanma zamanı ən çox rast gəlinən çatışmazlıqlardan biri B12 vitaminidir. Bu vitamin yalnız heyvan mənşəli qidalarda olur. Çatışmadıqda qanazlıq və sinir sistemi problemlərinə səbəb ola bilər. Dəmir bitkilərdə də var, amma bitki mənşəli dəmir daha çətin sorulur. Zülal düzgün kombinasiya edilməsə, əzələ itkisi yarana bilər. Omega-3 yağ turşuları əsasən balıqda olur. Bitkilərdə isə az formadadır. Kalsium və D vitamini xüsusilə süd məhsulları qəbul edilmirsə, risk artır. Bu səbəbdən bitki əsaslı qidalananlar paxlalılar, qoz-fındıq, toxumlar, yaşıl yarpaqlı tərəvəzlər, zənginləşdirilmiş məhsullar və bəzən qida əlavələri ilə rasionu balanslaşdırmalıdır. Uşaqlar və yaşlılar üçün bu qidalanma tərzində ehtiyatlı olunmalıdır. Uşaqlar sürətli böyümə və inkişaf dövründə olduqları üçün zülal, dəmir, B12 və kalsiuma çox ehtiyacları var. Bitki əsaslı qidalanma yalnız mütəxəssis nəzarəti və çox yaxşı planlama ilə mümkündür. Əks halda inkişaf geriliyi kimi riski yarana bilər. Yaşlılar isə əzələ itkisi, sümük zəifliyi və vitamin-mineral çatışmazlığına daha meyillidirlər. Bu yaş qrupunda tam ətsiz qidalanma bəzi hallarda riskli ola bilər. Bitki əsaslı qidalanmanın müsbət cəhətləri ondan ibarətdir ki, liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırır. Ürək-damar xəstəlikləri riskini azalda bilər. Piylənmə və tip 2 diabet riskini aşağı sala bilər. Mənfi cəhətləri isə ondan ibarətdir ki, qida çatışmazlığı riski yüksəkdir. Daim planlama və diqqət tələb edir. Bəzi insanlar üçün uzunmüddətli davam etdirmək çətindir. Uşaqlar, hamilələr və yaşlılar üçün əlavə risklər yarada bilər”.
- Fidan Abbaszadə






