Son zamanlar sağlam qidalanma tendensiyası ilə bağlı olaraq sosial şəbəkələrdə hazır diyetik yeməklərin satışı sürətlə artıb. Lakin bu məhsulların tərkibi, hazırlanma şəraiti və gigiyenik normalara uyğunluğu ilə bağlı suallar yaranır.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, belə məhsulların keyfiyyəti birbaşa hazırlama şəraitindən, gigiyena standartlarından və saxlanma temperaturundan asılıdır:
“Sağlam qidalanmaya meyl artdıqca, bir çox istehsalçılar bu istiqamətdə müxtəlif adlarla qidaları satışa çıxarır. Bu baxımdan sosial şəbəkələrdə fitnes qidası, dietik menyu, kalorisi hesablanmış yeməklər adı ilə müxtəlif hazır paket yeməklərin satışı böyük sürətlə yayılıb. Həm arıqlamaq, həm də sağlam qidalanmaq məqsədilə bir çoxları bu xidmətlərdən istifadə edir. Bu məhsulların mənşəyi və necə hazırlandığı ciddi suallar doğurur. Belə məhsulların keyfiyyəti birbaşa hazırlama şəraitindən, gigiyena standartlarından və saxlanma temperaturundan asılıdır. Hazır yeməklərdə ən böyük risk onların mikrobioloji çirklənməyə qarşı çox həssas olmasıdır. Toyuq, yumurta, balıq, düyü, tərəvəz kimi tez xarab olan məhsullar bir neçə saat normadan aşağı temperaturda saxlanarsa, təhlükəli bakteriyalar çoxala bilir. Peşəkar olmayan mətbəxlərdə temperatur rejiminə çox vaxt əməl olunmur. Digər bir məsələ sosial şəbəkələrdə satılan diyetik yeməklərin çoxu qeydiyyatsız fəaliyyət göstərir. Yəni nə mətbəxin sanitar şəraiti, nə də istifadə olunan ərzaqların mənşəyi barədə zəmanət yoxdur. Bəzi satıcılar kalori hesablaması təklif etsə də, bu rəqəmlər tez-tez real ölçülərdən fərqlənir. Bu səbəbdən bu cür yeməklərə tam etibar etmək doğru olmaz. Risk hər zaman mövcuddur. Əgər satıcı mətbəxin ünvanı, qeydiyyatı, gigiyena qaydaları, istifadə olunan məhsulların markası və saxlanma şəraiti barədə məlumat vermirsə, bu mütəxəssislər üçün ciddi xəbərdarlıq siqnalıdır”.
O həmçinin bildirib ki, ikinci mühüm məsələ çatdırılma müddətidir:
“Hazır yeməklər isti halda saxlanılmalıdırsa +60°C-dən yuxarı, soyudulmuş halda çatdırılmalıdırsa +4°C-dən aşağı temperaturda daşınmalıdır. Yemək bir neçə saat yolda qalırsa, qabın üzərində soyuqluğu-isti saxlayan göstəricilər yoxdursa, artıq təhlükə yarana bilər. Digər məsələ porsiyanın görünüşü və qoxusudur. Rəng dəyişməsi, su buraxması, turş qoxu, yapışqan tekstura mikrobioloji çirklənmənin göstəricisidir. Bir çox insanların bəzi qidalara qarşı allergik reaksiyaları var. İstehlakçı allergen məlumatını da soruşmalıdır. Tərkibində yumurta, süd məhsulu, qoz, sous və ya E qatqı maddələri ola bilər. Əgər bu fəaliyyətlə məşğul olmaq istəyənlər varsa, ilk növbədə dövlət qeydiyyatından keçməli, sanitar-epidemioloji rəy almalı və qida təhlükəsizliyi tələblərinə uyğun əməliyyat sistemi qurmalıdır. Aidiyyəti qurumlar fasiləsiz nəzarət, yoxlamalar, laborator analizlər aparmalıdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən ev mətbəxləri üçün də ayrıca qeydiyyat mexanizmi olmalıdır. Çatdırılma şirkətləri üçün isə temperatur nəzarəti ilə bağlı xüsusi qaydalar tətbiq edilməlidir. Bir istehlakçı olaraq bizim şikayət edə biləcəyimiz əlçatan platformalar yaradılmalıdır. Beləliklə təhlükəli məhsullar vaxtında aşkarlana bilər”.
- Fidan Abbaszadə






