Mənşəyi bəlli olmayan ətlər təhlükə saçır – Ekspert Məhsəti Hüseynovadan XƏBƏRDARLIQ:

0 Shares

Son zamanlar AQTA-nın aşkarladığı mənşəyi məlum olmayan ət məhsulları ölkədə qida təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Bazarlarda hələ də mənşəyi bəlli olmayan ətlərin satılması insan sağlamlığı üçün təhlükə sayılır. 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Xpress.az-a danışıb.

Ekspert bildirib ki, dabaq xəstəliyi mövsümi xarakter daşıyır və ilk növbədə kənd təsərrüfatına, sahibkarlara, eləcə də heyvanlara ciddi zərər vurur: 

“Xəstə heyvanların ətindən və ya südündən istifadə çox təhlükəlidir. Mənşəyi bəlli olmayan ətlərin sanitar-gigiyena qaydalarına əməl olunmadan satılması insan sağlamlığı üçün ciddi risk yaradır. Ət zülal mənşəli məhsuldur və yüksək risk qrupuna daxildir. Ona görə də daşınma, saxlanma və satış zamanı temperatur rejiminə ciddi nəzarət olunmalıdır.” 

Məhsəti Hüseynova əlavə edib ki, istehlakçılar ət alarkən baytarlıq arayışı və mənşə sertifikatı tələb etməlidirlər: 

“Əti yalnız dövlət nəzarətindən keçmiş məntəqələrdən almaq lazımdır. Xüsusilə xəstəliklərin yayıldığı dövrlərdə bu, sağlamlığın qorunması baxımından vacibdir.”

Ekspert qeyd edib ki, ət rasiondan çıxarıldıqda orqanizmdə B12 vitamini və zülal çatışmazlığı yarana bilər: 

“Ətdən imtina edənlər mütləq qoz, fındıq, badam, paxlalılar və C vitamini ilə zəngin tərəvəzlərdən istifadə etməlidirlər. Əks halda, uzunmüddətli vitamin və mineral çatışmazlığı ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.”

O, həmçinin vurğulayıb ki, xaricdən gətirilən ətlər də risk daşıya bilər: 

“Braziliya, Monqolustan, Hindistan, Qazaxıstan kimi ölkələrdən gətirilən ətlər mütləq laborator nəzarətdən keçməlidir. Ətin üzərində istehsal tarixi, mənşə ölkəsi və baytar nəzarətinə dair məlumatların olması vacibdir.”

Məhsəti Hüseynova sonda bazar və kəsim məntəqələrində nəzarətin gücləndirilməsinin, sanitar qaydalara ciddi əməl olunmasının vacibliyini qeyd edib.

  • Abbaszadə Fidan