Məhsəti Hüseynova: “QHT-lərə daha çox dəstək göstərilsə, insanların sağlamlığı daha yaxşı qorunar”

0 Shares

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib ki, qida sektorunda fəaliyyət göstərən ictimai birliklərin işi həm maarifləndirmə, həm də ictimai nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, beynəlxalq qeydiyyatdan keçmiş Azərbaycan–Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi Azərbaycanda və Türkiyədə gənclər və yeniyetmələr arasında sağlam qidalanma vərdişlərinin təşviqi, dövlət orqanlarının fəaliyyətinə ictimai dəstək göstərilməsi və ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir. Bu tədbirlər həm onlayn platformalarda, həm də universitetlərdə və təhsil müəssisələrində təşkil olunur.

Məhsəti Hüseynova qeyd edib ki, istər Qida Təhlükəsizliyi Hərəkatı, istərsə də Azərbaycan–Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi layihələrdən asılı olmayaraq hər gün maarifləndirmə işi aparır:

“Hazırda 22 mindən çox üzvümüz var. Burada qida təhlükəsizliyi, qida mühəndisliyi, kənd təsərrüfatı üzrə təhsil alan tələbələrlə yanaşı, aşpazlar, şirniyyatçılar, otel və restoran işçiləri də təmsil olunur. Onlar tədbirlərdə bilik və təcrübələrini bölüşərək risklərin azaldılmasına böyük töhfə verirlər. Qida təhlükəsizliyi sahəsində QHT-lərə ayrılan resursların artırılması təşəbbüslərin çoxalmasına və faydalı nəticələrin əldə edilməsinə gətirib çıxaracaq Bu, həm insanların sağlamlığının qorunmasına, həm də gələcək nəsillərin sağlam böyüməsinə xidmət edəcək”.

Məhsəti Hüseynova əlavə edib ki, digər QHT-lərin də qida məhsullarının tərkibi, kimyəvi qatqıların təsiri və sağlam qidalanma ilə bağlı maarifləndirmə işlərinə qoşulması vacibdir:

“Maarifləndirmə nə qədər çox olsa, onun effektivliyi də bir o qədər artar”.

  • Abbaszadə Fidan