Son zamanlar iri marketlərdə vaxtı keçmiş məhsulların endirimli qiymətlə satışa çıxarılması barədə narazılıqlar artıb. Bəziləri bildirirlər ki, hansısa məhsulun vaxtı keçibsə, onu bir ay müddətində istifadə etmək insan orqanizmi üçün zərərli deyil.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, son istifadə müddəti keçmiş qida məhsullarını qəbul etmək məhsulun növünə və tərkibinə görə sağlamlıqda ciddi fəsadlara gətirib çıxara bilər.
“Yaxşı olar ki, məhsulu alarkən üzərində istehsalçı şirkət, tərkibi, saxlanılma şəraiti ilə yanaşı mütləq şəkildə istehsal tarixi, son istifadə müddəti barədə məlumatlara da diqqət edilsin. Bu qaydalara məhsulu aldıqdan sonra eynilə ev şəraitində də diqqət etmək lazımdır. Bəzi məsulların son istifadə tarixi 6 aydan 1-2 ilə qədər göstərilsə də, açıldıqdan sonrakı istifadə müddəti 2-3 gün, yaxud məhsulun növünə görə fərqli müddət qeyd olunur. Bu müddətə də əməl olunmalıdır. Əks halda, zəhərlənməyə, daxili orqanların funksiyasının pozulmasına gətirib çıxara bilər. Xüsusilə, vaxtı keçmiş məhsulları qəbul edən uşaqlar, yaşlılar, hamilə və südverən qadınlar, o cümlədən xroniki xəstəliyi olan insanlarda daha ciddi fəsadlar ortaya çıxa bilər. Belə məhsulları qəbul etdikdən sonra ürəkbulanma, qusma, ishal, qarın və mədə bölgəsində ağrı, bəzən allergik reaskiyalar kimi qaşıntı və qızartılar, görmə qabiliyyətinin pozulması, eləcə də tənəffüsün çətinləşməsi kimi simptomlar yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır. Bir çox hallarda vaxtı keçmiş məhsulları istifadə edərkən immun sistemi güclü olan insanlarda sadaladığımız əlamətlər özünü göstərməsə də, mütləq şəkildə daxili orqanların, maddələr mübadiləsinin pozulmasına və bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilir. Kimyəvi qatqı maddələri olan qida məhsullarının vaxtı keçdikdə həmin maddələrin qidanın tərkibini dəyişməsi nəticəsində fərqli reaksiyalardan zəhərlənmə aktları ola bilər. Çərəz və çərəz tərkibli məhsullarda yaranan aflatoksin qaraciyərin funksiyasını poza bilər. Bu kimi hallara da diqqət etmək lazımdır. Yüksək risk qrupundan olan zülal mənşəli qidalarda isə istifadə müddəti bitdikdən sonra tərkibindəki mikroorqanizmlərin sürətlə çoxalması ciddi zəhərlənmə, hətta ölümlə nəticələnə bilər”, – M.Hüseynova vurğulayıb.
- Abbaszadə Fidan