“Səhər yeməyində gizlənən təhlükə” – Məhsəti Hüseynova xəbərdarlıq edir!

0 Shares

Son zamanlar Bakıda demək olar ki, əksər restoranlarda səhər yeməyi menyuları təqdim olunur. Artan tələbat fonunda bu məkanlarda təqdim edilən qidaların keyfiyyəti və gigiyenik normalara uyğunluğu aktuallaşır.

Bəs görəsən, bu yeməklərin sağlamlıq baxımından təhlükəsizliyinə nə dərəcədə güvənmək olar?

Yenifikir.media-ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mühüm məqamlara toxunub.

Son illərdə restoranlarda, ictimai iaşə obyektlərində səhər yeməkləri daha çox dəb halını alıb və insanlar artıq səhər yeməklərini qəbul etmək üçün restoranlara üz tutur. Nəzərə alsaq ki, səhər yeməyi günün ən faydalı qidalarından hesab olunur, bu zaman mütləq şəkildə mənşəyi bəlli olan, keyfiyyətli və qida dəyəri yüksək məhsullara üstünlük verilməlidir.

Ancaq bir çox hallarda restoranlar daha çox qazanc məqsədilə ucuz məhsullar təqdim edərək, menyuda çox çeşidliliyi göstərməyə çalışır və nəticədə keyfiyyətsiz qidalar da insanlara təklif olunur. Ona görə də yaxşı olar ki, qiymətdən və çeşiddən çox, keyfiyyətə və faydalı qidalara üstünlük verilsin.

Bir çox hallarda təbii kənd məhsulları və ya təbii qidalar, xüsusilə süd və süd məhsulları təqdim olunsa da, əksər hallarda bunlar fabrik məhsulları, sənaye üsulu ilə hazırlanmış qidalar olur. Əgər məhsul təbii iddia edilirsə, bu zaman onun mənşəyi mütləq şəkildə məlum olmalıdır. Bu, çox önəmli faktorlardan biridir. Çünki keyfiyyətsiz süd məhsulları vasitəsilə insan orqanizminə müxtəlif bakteriyalar və mikroorqanizmlər yoluxa bilər. Bu səbəbdən həmin məhsullara xüsusi diqqət yetirilməlidir.

Bundan əlavə, bir çox hallarda səhər yeməklərində yarımfabrikat, tez bişən və ya öncədən hazırlanmış un məmulatları təqdim olunur. Onların qızardılıb süfrəyə verilməsi, kolbasa və sosiskaların çoxluğu, qızardılmış kartofların təqdim olunması insan orqanizmi üçün faydalı hesab edilmir. Bu səbəbdən təqdim edilən qidalara diqqət yetirmək vacibdir.

Qidalar mütləq sanitar-gigiyena qayda və normalarına uyğun şəkildə hazırlanmalı, təzə və təmiz olmasına nəzarət edilməlidir. Eyni zamanda, bəzən turşu və zeytun məhsulları süfrəyə təqdim edildikdən sonra yenidən servis olunur ki, bu da həmin qidanın çirklənməsinə və insan orqanizmində ciddi fəsadlara səbəb ola bilər.

Yaxşı olar ki, keyfiyyətli, təzə və az çeşidli qidalara üstünlük verilsin. Səhər yeməkləri yalnız etibarlı məkanlarda qəbul olunmalı və “təbii qida” adı ilə təqdim olunan məhsulların həqiqətən də təbii olduğunu təsdiq edən sənədlər mütləq şəkildə mövcud olmalıdır. Çünki bəzən kərə yağı adı altında marqarin, zeytun yağı adı ilə rafinə olunmuş qarışıq bitki yağları, təbii bal əvəzinə isə şəkər və qlükoza qarışığı təqdim edilir. Bu da xroniki xəstəlikləri olan şəxslərdə xəstəliklərin kəskinləşməsinə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu səbəbdən, istehlakçılar bu amillərə diqqət etməli və səhər yeməyi seçimində daha məsuliyyətli davranmalıdırlar.

  • Abbaszadə Fidan