İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə 47 nəfər yerləşdirilib.
Belə hadisə Sumqayıtda da baş vermişdi. Ötən gün sirkə turşusundan zəhərlənən Sumqayıt sakini 34 yaşlı Yusif Əlixanov dünyasını dəyişib.
Bəs gündəlik məişətdə istifadə olunan sirkə turşusu nə dərəcədə təhlükəlidir? Hansı hallarda zəhərlənməyə səbəb ola bilər?
Mövzu ilə bağlı Sumqayit24.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirir ki, hazırda arıqlamaq məqsədilə sirkəli sudan geniş istifadə edilir:
“Sosial şəbəkələrdə tez-tez rast gəlinən bu metodun orqanizmə təsiri insanın sağlamlıq vəziyyətindən asılıdır. Hər kəsin orqanizmi fərqlidir və nəticələr də fərqli ola bilər”.
Mütəxəssis tərkibi, təsiri tamamilə fərqli olan təbii və sənaye üsulu ilə hazırlanan sirkələr barədə də danışdı:
“Təbii sirkə – alma, üzüm və digər meyvə-tərəvəzlərin qıcqırdılması ilə əldə olunur. Bu məhsulun tərkibində sirkə turşusunun miqdarı 5–6% olur. Sənaye üsulu ilə hazırlanan sirkə turşularında isə bu göstərici 70%-ə qədər yüksəlir ki, bu da ciddi zəhərlənməyə səbəb ola bilər”.
O bildirib ki, təbii sirkələr müəyyən qidaların dadını artırmaq və həzmi asanlaşdırmaq üçün istifadə edilsə də, bəzi hallarda zərərli təsirlər göstərə bilər:
“Mədə xəstəlikləri olan insanlarda (qastrit, xora və s.) xəstəlikləri kəskinləşdirə, seyrədilməmiş halda istifadə edilərsə, boğaz və qida borusunu yandıra bilər.
Bundan əlavə, sirkə diş minasına zərər vura bilər. Xroniki xəstəlikləri olan şəxslərdə dərmanlarla qarşılıqlı təsirə girə bilər.
Uzunmüddətli və məsləhət edilmədən istifadə isə sümüklərin zəifləməsinə gətirib çıxarar.
Sonda isə Məhsəti Hüseynova vətəndaşlara xəbərdarlıq edib.
“Arıqlamaq üçün sirkədən istifadə zamanı əvvəl mütləq həkim və ya peşəkar mütəxəssislərlə məsləhətləşmək lazımdır”,- deyə o, çağırış edib.
- Abbaszadə Fidan