Zəhərlənməmək üçün oxu!: Qarpızı nə vaxt yeməliyik? – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

“Qarpızın insan orqanizmi üçün faydalı olması üçün onun təbii mövsümündə, iyulun ortalarından başlayaraq avqust ayı ərzində istehlak olunması tövsiyə olunur”. 

Bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin dövrdə yetişən qarpızlar daha təbii olur, qida dəyəri yüksəkdir və orqanizmə faydalı təsir göstərir. Ekspert bildirib ki, mövsümdən əvvəl satışa çıxarılan qarpızlar ya istixanalarda yetişdirilir, ya da digər isti ölkələrdən gətirilir. Bu zaman onların daşınması və saxlanmasında bəzi hallarda kimyəvi maddələrdən istifadə oluna bilər:

“Həssas qrupdan olan azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar yalnız mövsümündə yetişən qarpızlardan istifadə etməlidirlər. Əgər kimyəvi müdaxilələr çox deyilsə, xaricdən gələn qarpızlardan az miqdarda istifadə etmək mümkündür. Lakin sağlamlıq üçün maksimum fayda əldə etmək istəyiriksə, yerli və təbii mövsümdə yetişən qarpızlara üstünlük verilməlidir”.

Qida mütəxəssisi vurğulayıb ki, qarpızın tərkibində “A” və “C” vitaminləri, həmçinin güclü antioksidant olan likopin maddəsi var. Buna görə giləmeyvə xərçənglə mübarizədə və immun sisteminin gücləndirilməsində rol oynayır.

“Kalorisi aşağı olduğu üçün asan həzm olunan qidalar sırasındadır. Eyni zamanda liflə zəngin olduğu üçün həzm sisteminə də faydalıdır. Ancaq süni və qeyri-mövsümi şəkildə yetişdirilən qarpızlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Kimyəvi maddələrlə yetişdirilən, tərkibində nitrat səviyyəsi yüksək olan qarpızlar allergik reaksiyalar, həzm pozğunluğu, qarın ağrısı, şişkinlik və zəhərlənməyə səbəb ola bilər. Diabet xəstələri və insulin dirənci olan şəxslər də qarpızı miqdarla qəbul etməlidirlər. Soyuq şəkildə çox qəbul edildikdə isə mədə iltihabına yol aça bilər”.

Məhsəti Hüseynova tövsiyə edib ki, istehlakçılar iri ölçülü, parlaq rəngli, günəş altında uzun müddət qalmayan qarpızları almalıdırlar.

  • Abbaszadə Fidan