Son vaxtlar süfrəmizə gələn bir çox məhsulun saxta olduğu ilə bağlı xəbərlərlə tez-tez qarşılaşırıq. Qida insan sağlamlığının təməlidir, lakin təəssüf ki, market rəflərindəki hər məhsula etibar etmək olmur. Təbii ilə saxtanı ayırd etmək isə getdikcə daha da çətinləşir.
Bəs gündəlik alış-verişdə aldığımız hansı qidalar saxta ola bilər?
Mövzu ilə bağlı Metbuat.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, son zamanlar rəf ömrü uzun, süni dadlandırıcılardan istifadə olunan məhsullar istehsal olunur:
“Tərkibində trans yağların, süni qatqı maddələrinin və şəkərin çox olduğu məhsullar sağlamlıq üçün zərərlidir.
Bu qidalar ürək-damar xəstəliləri riski ilə yanaşı, 20 yaşa qədər olan gənclərdə inkişaf problemləri və daxili orqanlarının funksiyasının pozulması problemlərini yaradır.
Marketlərdə satıla bilən saxta qidalara gəldikdə isə, bəzi marketlərdə satılan balın saxta olması mümkündür. Məsələn, şəkərli sirop və ya şərbət əsaslı bal saxtalaşdırmalarına rast gəlinir.
Yogurt və kəsmiklərin tərkibində olan süni dadlandırıcılar insanlarda allergik reaksiyalar yaradır. Kolbasa, sosis məhsullarının da mənşəyi bilinmir. Ona qatılan qatqı maddələri barədə etiketlərində tam məlumat qeyd olunmur”.
Mütəxəssis qeyd edib ki, zeytun yağı bazarında çox vaxt təbii zeytun yağının yerinə saxta və ya kimyəvi proseslə istehsal olunan yağlar satılır:
“Bu cür yağlar həm dad, həm də sağlamlıq baxımından təbii zeytun yağı ilə müqayisədə daha pisdir.
Bəzi ucuz qəhvə markalarında həqiqi qəhvə əvəzinə qarışıqlar və saxta tərkiblər istifadə oluna bilər. Bu cür məhsullar həm də maddi baxımdan daha sərfəli ola bilər, lakin keyfiyyətsiz və bəzən sağlamlığa zərərli ola bilər”.
Qida mütəxəsssi Asim Vəli isə qeyd edib ki, marketlərdə satılan qidaların sağlamlıq üçün zərərli ola biləcəyi və ya saxta olma ehtimalı ilə bağlı məsələ çox aktualdır:
“Marketlərdə satılan qidaların bir çoxu emal edilmiş formada olur və bu onların tərkibində sağlamlığa zərər verə biləcək maddələrin olmasını artırır. Qazlı içkilər, şirniyyatlar, hazır desertlər və şəkərli meyvə şirələri yüksək miqdarda şəkər ehtiva edir. Bu tip qidalar diabet, piylənmə və ürək-damar xəstəlikləri riskini artırır. Məsələn, bir banka qazlı rəngli içkidə 39 qram şəkər ola bilər ki, bu miqdar gündəlik tövsiyə olunan normadan çoxdur. Fast food məhsulları, qızardılmış çipslər, marqarinlə hazırlanmış xəmir məmulatları və hazır tortlar trans yağlarla zəngin ola bilir. Trans yağlar xolesterolu artırır və damar tıxanıqlığına səbəb olur. Etiketdə “hidrogenləşdirilmiş yağ” yazısı, trans yağın göstəricisidir.
Kolbasa, sosiska, duzlu pendirlər, hazır şorbalar və konservlər çox duz ehtiva edir. Həddindən artıq duz hipertoniya (yüksək təzyiq) və böyrək problemlərinə səbəb aça bilər. Sağlam insan üçün gündəlik duz norması 5-6 qramdır, amma bir dilim kolbasada bu miqdar keçə bilir.
Hazır souslar, mayonezlər, şirniyyatlar və rəngli konfetlər kimyəvi əlavələrlə hazırlanır. Məsələn, E621 (mononatrium qlutamat) dad artırıcı kimi istifadə olunur, lakin həddindən çox istehlak baş ağrısı və allergiyaya səbəb ola bilər.
Ağ çörək, makaron və hazır pizza kimi məhsullar tez həzm olunur və qan şəkərini kəskin artırır. Lif az olduğu üçün uzun müddət toxluq hissi vermir və piylənməyə səbəb olur.
Bəzi pendirlər və yağlar süd əvəzinə bitki yağları (məsələn, palma yağı) ilə hazırlanır. Etiketdə “pendir məhsulu” yazısı varsa, bu hal 100% təbii pendir olmadığını göstərir. Eyni şəkildə saxta süd tozu ilə hazırlanmış qatıqlar da ola bilər. Təbii bal bahalı olduğuna görə bəzi istehsalçılar şəkər siropu, qlükoza və ya süni dadlandırıcılar qatılmış saxta bal satır.
Kolbasa və sosiskaların tərkibində ət az, soya, nişasta və kimyəvi əlavələr çox ola bilər. Bəzən “yüksək sort” yazılan məhsul da keyfiyyətsiz olur. Tərkibindəkilər siyahısına baxmaq vacibdir.
“Extra Virgin” etiketli zeytun yağlarının bir qismi əslində günəbaxan və ya soya yağı ilə qarışdırılır. Əgər qiymət çox ucuzdursa və dadı kəskin deyilsə, saxta ola bilər.
Bəzi konservlərdə keyfiyyətsiz balıq və ya ət istifadə olunur, üstəlik konservantlarla doldurulur. Etiketdə “tərkibində GMO var” və ya çoxlu E kodları varsa, diqqətli olmaq lazımdır.
Tərkib siyahısında nə qədər az və tanış maddə varsa, o qədər yaxşıdır. Hazır şirniyyat əvəzinə quru meyvə, qazlı içki əvəzinə su içə bilərik”.
- Abbaszadə Fidan