Ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılmaqdadır. Rəsmi statistikaya əsasən, dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda 2 dəfədən çox, kişilərdə təxminən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 4 dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb.
Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir.
Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.
Artıq çəki və ya piylənmənin daha çox qeyri-sağlam qidalanma ilə əlaqədar yarandığı məlum olsa da, piylənmə qeyri-sağlam həyat tərzinin kompleks şəkildə yaratdığı nəticədir. Piylənmə ilə mübarizədə, ilk növbədə, düzgün və rasional qidalanmaya riayət edilməli, yağlı, duzlu və şəkər əlavə olunmuş qidaların istehlakı mümkün qədər azaldılmalı, gündəlik kalori qəbuluna, eləcə də yaş və sağlamlıq vəziyyətindən asılı olaraq fiziki aktivliyə nəzarət edilməli, siqaret, spirtli içki və stresdən uzaq olmalı və ən nəhayət, yuxu rejimi qaydaya salınmalıdır.
Piylənmənin əsas səbəbləri
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, ÜST-nin xəbərdarlığınada qeyri-adi heç nə yoxdur:
“Çünki, düzgün qidalanmamaq, fast-fooda sonsuz maraq və təbii, lifli qidalara, tərəvəzlərə marağın azalması insanlar arasında artıq çəkiyə və piylənməyə səbəb olub. Fast-foodlarla birgə qəbul edilən qazlı, rəngli içkilər gündəlik qəbul edilən kalorinin miqdarını artırır. Bu da birbaşa piylənməyə stimul verir.
Digər bir problemsə davamlı inkişaf edən texnologiyadır. Telefon və komputer qarşısında daha çox vaxt keçirmək, oturaq həyat tərzi qəbul edilən qidaların düzgün enerjiyə çevrilməməsinə səbəb olur. Bu məsələdə genetik amillər də var. Yəni bir çox insanlar genetik olaraq piylənməyə meyillidirlər. Belə insanlar qidalanmalarına fikir verməyəndə sürətlə artıq çəki alırlar”.
Müsahibimiz stress, depressiya və emosiyaların düzgün idarə olunmamasının daha çox qidalanma həvəs yaratdığını bildirib:
“Bu amillər də artıq çəkiyə səbəb olur. Unutmayaq ki, piylənmə, artıq çəki sadəcə xarici görkəmin dəyişməsi deyil. Bu eyni zamanda, daxili orqanların yağlanması,onların funksiyasının pozulması deməkdir. İnsanlar artıq çəki və piylənmə ilə vaxtında mübarizə aparmasalar, sonda ürək-damar, qan təzyiqi, yüksək xolestrin və diabet xəstəliyinə tutulmaları qaçılmaz olur.
Artıq çəki tənəffüs sisteminin normal fəaliyyətini pozur ki, bu da yuxu rejimində problem yaradır. Artıq çəkidən əziyyət çəkən insanların yuxuda ölüm halları daha çox olur. Çünki artıq çəki daxili orqanların fəaliyyətini pozur. Artıq çəki sümüklərə düşən yükün miqdarını artırır ki, bu da sonda hərəkətsizliyə yol açır”.
Məhsəti Hüseynova bu və digər xəstəliklərdən xilas olmaq üçün erkən yaşdan düzgün qidalanmanın vacib olduğunu vurğulayıb:
“Süni qidalardan qaçaraq, daha çox təbii meyvələrə, tərəvəzlərə üstünlük verilməlidir. Paxlalılarda daha çox istifadə edilməlidir. Fiziki aktivliksə öz növbəsində həyat tərzinə çevrilməlidir. Bundan əlavə, gün ərzində daha çox su qəbul edilməlidir. Bütün bunlara əməl olunsa, artıq çəkiyə son vermiş olarıq”.
- Hüseynli Nərgiz