“İmmun sistemi zəif olanlara konservləşdirilmiş məhsullar tövsiyyə olunmur” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova’nın FİKRİ:

0 Shares

“Yay mövsümündə ev şəraitində bir çox qidaları konservləşdirmə üsulu ilə qışa tədarük edilir. Lakin konservləşdirmə zamanı qaydalara düzgün əməl olunmadıqda bu nəticədə zəhərlənməyə, hətta ölümə gətirib çıxarır. Buna görə də konservləşdirmə zamanı mütləq şəkildə meyvə-tərəvəz yaxşı yuyulmalı, eyni zamanda keyfiyyətli, mövsümü və yerli məsullardan istifadə etmək lazımdır. Əgər məhsullarda əzik və ya xarab olmuş hissə varsa, həmin məhsuldan istifadə etmək tövsiyyə olunmur. Mütləq şəkildə sanitar-gigiyena qaydalarına da əməl olunmalıdır”. 

Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, konservləşdirilmiş qidanın saxlanma şəraitinə də diqqət etmək lazımdır: “Mümkün qədər həmin qidalar qaranlıq və sərin yerdə saxlanılmalıdır. Bir çox hallarda bu kimi məsələlərə diqqət olunmur. Lakin siteril qaydalara düzgün əməl olunmadıqda sözügedən məhsul zərərli hesab olunur. Eyni zamanda konservləşdirilmiş qidalar uzun müddət saxlanıldıqda qapağın şişməməsinə, suyunda bulanıqlıq, çökmə olmamasına diqqət etmək lazımdır. Bu sənaye üsulu ilə emal olunmuş məsullara da aiddir. Lakin sənaye üsulu emal olunmuş məhsulun ev üsulundakından fərqi ondadır ki, ev üsulunda konservantlardan istifadə olunmur. Ancaq sənaye üsulunda konservantlardan istifadə olunması nəticəsində məhsulun rəf ömrü daha uzun olur və zəhərləndirmə riski daha aşağı olur.

Metal bankada olan konservləşdirilmiş məhsulların qapağı açıldıqdan dərhal sonra istifadə olunması tövsiyyə olunur. Əks təqdirdə şüşə qabda ağzı bağlı şəkildə saxlanılmalıdır.

İmmun sistemi zəif olan, azyaşlı və xroniki xəstəliyi olan insanların konservləşdirilmiş məhsullardan istifadəsi tövsiyyə olunmur, çünki bu zaman hər hansı problemlərlə üzləşə bilərlər”.

~ Abbaszadə Fidan