Göbələk alarkən bunlara diqqət edin! – Mütəxəssis Asim Vəliyev’dən AÇIQLAMA:

0 Shares

Xaçmazda iki qadın yedikləri göbələkdən zəhərlənərək həyatlarını itiriblər. Bu hadisə ilk deyil, böyük ehtimalla son da olmayacaq. Özümüzü bu zəhərdən qorumaq üçün nələrə diqqət etməliyik?

Qida mütəxəssisi Asim Vəliyev Demokrat.az-ın sualını cavablandırıb:

“Göbələklər tərkibində müxtəlif bioloji aktiv maddələr olan və qida kimi geniş istifadə edilən bitkilərdir. Lakin göbələk növlərinin çoxluğu və bu növlər arasında oxşarlıqlar səbəbindən zəhərli növləri tanımaq çox çətin olur. Təbiətdən toplanan bəzi göbələklər insan sağlamlığı üçün ciddi təhlükə yaradan toksinlər ehtiva edir. Təhlükəli göbələklərdən zəhərlənmə ciddi fəsadlara, hətta ölümlə nəticələnən hallara səbəb ola bilir. Buna görə də göbələk alarkən və istehlak edərkən təhlükəsizlik qaydalarına riayət etmək vacibdir”.

 Ekspert bildirib ki, əgər mütəxəssis deyilsinizsə və göbələk növlərini tanımırsınızsa, təbiətdən yığdığınız göbələkləri yeməmək tövsiyə olunur:

 “İlk növbədə, göbələyin haradan alındığına diqqət etməliyik. Supermarketlər və bazarlarda satılan göbələklər əsasən sertifikatlaşdırılmış və keyfiyyət nəzarətindən keçirilmiş məhsullardır. Burada yetişdirilən və satılan göbələklər üzərində dövlət qurumları tərəfindən müvafiq yoxlamalar aparılır və bu da məhsulun təhlükəsizliyinə zəmanət verir. 
Çünki bəzi zəhərli növlər görünüşcə yeyilə bilən göbələklərə çox oxşayır və bu vəziyyət zəhərlənmə riskini artırır.Göbələk zəhərlənməsi əsasən qarın ağrısı, qusma, ishal, halsızlıq, baş ağrısı, başgicəllənmə və ya qaraciyər zədələnməsi kimi simptomlarla özünü göstərir. Bu cür əlamətlər müşahidə edildikdə dərhal tibbi yardım almaq vacibdir. Vəhşi göbələklərdən yaranan zəhərlənmələr bəzən çox sürətli və kəskin ola bildiyi üçün vaxtında tibbi müdaxilə həyat üçün vacibdir. Həmçinin göbələklər qida dəyəri və ləzzəti baxımından çox qiymətlidir, lakin əsas məsələ təhlükəsizlikdir. Mənbəyindən və növündən əmin olmadığınız göbələkləri yemək risklidir. Etibarlı satış nöqtələrindən alınan, sertifikatlaşdırılmış məhsullara üstünlük vermək sağlamlığınızın qorunması üçün vacibdir”.

~ Abbaszadə Fidan