“Payızda su balansına diqqət yetirmək vacibdir” — İmmunitetimizi necə möhkəmləndirə bilərik? – Mütəxəssis Asim Vəliyev AÇIQLADI:

0 Shares

Payız fəslində qidalanma immun sisteminin güclü qalmasına təsir edir. Mövsüm dəyişikliyi bədənin enerji tələbatını artırır və immunitetin zəifləməsinə səbəb olur. Havaların soyuması ilə əlaqədar xəstəliklər də artmağa başlayır. Buna görə də payız fəslində düzgün qidalanmaq xəstəliklərin qarşısını almağa və bədənin güclü qalmasına kömək edir. 

Qida mütəxəssisi Asim Vəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, payız fəslində immuniteti gücləndirmək üçün vitamin və minerallarla zəngin qidalar qəbul etmək lazımdır: 

“Bu dövrdə vitamin C tərkibli qidalara rasionda xüsusi yer verilməlidir. Sitrus meyvələri – portağal, limon, mandarin, brokkoli, ispanaq və qırmızı bibər bu vitaminin əsas mənbələridir. Hər gün bu qidalardan bir porsiya qəbul etmək xəstəliklərə qarşı müqaviməti artırır.

D vitamini də immunitet sistemi üçün əvəzolunmazdır. Payızda günəş işığının azalması ilə bu vitaminin səviyyəsi düşür, bu da immunitetin zəifləməsinə gətirib çıxarır. Balıq, yumurta sarısı və bəzi südlü məhsullar D vitamini mənbələridir. Bu qidaları həftəlik rasiona əlavə etmək D vitamininin səviyyəsini normal saxlamağa kömək edir”.

A.Vəliyevin sözlərinə görə zülal tərkibli qidalar da immun sisteminin əsasını təşkil edir: 

“Zülal orqanizmdə hüceyrələrin bərpası və yenilənməsi üçün vacibdir. Toyuq, balıq, yumurta, paxlalılar (noxud, mərcimək) və süd məhsulları kimi zülalla zəngin qidaların qəbulu immunitet sisteminə çox faydalıdır. Hər gün rasionda zülal qəbuluna diqqət yetirmək orqanizmin infeksiyalara qarşı daha güclü olmasına şərait yaradır”.

Ekspert deyib ki,payızda qidalanmada diqqət edilməli digər bir məqam antioksidantlarla zəngin qidaların qəbuludur:

“ Antioksidantlar orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyur və onların zədələnməsinin qarşısını alır. Qırmızı, sarı, narıncı və yaşıl rəngli tərəvəzlər, məsələn, qırmızı çuğundur, balqabaq, yerkökü və kələm antioksidantlar baxımından zəngindir. Bu tərəvəzlərdən hazırlanan salatlar və ya bişirilmiş yeməklər həm də bağırsaq sağlamlığını dəstəkləyərək ümumi sağlamlıq üçün faydalıdır.

Probiotiklər də payızda immun sisteminin gücləndirilməsi üçün vacibdir. Bağırsaq florası immunitet sisteminin 70%-dən çoxunu təşkil edir və sağlam bağırsaq florası infeksiyalardan bədəni qorumağa kömək edir. Kefir, qatıq, turş kələm kimi fermentləşdirilmiş qidalar probiotik baxımından zəngindir və onların rasiona daxil edilməsi, xüsusilə bağırsaq mikroflorasının sağlamlığını təmin edir”. 

A.Vəliyev əlavə edib ki, omega-3 yağ turşuları iltihab əleyhinə təsir göstərir və immunitetin fəaliyyətini yaxşılaşdırır: 

“Balıq, qoz, çia toxumu kimi qidalar omega-3 ilə zəngindir. Həftədə iki dəfə balıq yemək və ya qoz, çia toxumu kimi bitki mənbələrindən istifadə etmək faydalıdır.
İsti içkilərin də payızda xüsusi rolu var. Zəncəfil, bal və limon tərkibli çaylar iltihab əleyhinə və immunitet gücləndirici təsirə malikdir. Bu içkilər boğaz ağrısını yüngülləşdirir, soyuqdəymə riskini azaldır və orqanizmin soyuq havaya adaptasiyasını asanlaşdırır. 

Həmçinin payızda su balansına diqqət yetirmək də vacibdir. Soyuq havalarda orqanizm susuzluq hissini daha az hiss edir, lakin lazımi su qəbulu orqanizmin toksinlərdən təmizlənməsi və hüceyrələrin sağlam fəaliyyəti üçün vacibdir. Hər gün kifayət qədər su içmək immunitetin fəaliyyətini normallaşdırır”.

~ Abbaszadə Fidan