“Havalar soyuduqca immun sistemi aşağı olan insanlar, azyaşlılar, xroniki xəstəliyi olan insanlar hər zaman mövsümü qriplərə və digər virus mənşəli xəstəliklərə yoluxurlar. Bu kimi hallarla qarşılaşmamaq üçün immun sistemini gücləndirmək lazımdır. İmmun sistemini gücləndirmək üçün ilk diqqət edəcəyimiz məqam gün ərzində orqanizmin ehtiyacı olduğu qədər maye balansını təmin edən su istifadə etməliyik. Suyu bədənin çəkisinə uyğun olaraq qəbul etmək lazımdır. Belə ki, hər kiloqrama görə 30 ml su hesablanır, bu da təxminən gün ərzində 7-8 stəkan su qəbulunu vacib edir. Eyni zamanda havalar soyuduqca insanlar su əvəzinə çaya üstünlük verirlər. Belə olan halda orqanizmin maye balansı yetərli qədər olmadığına görə, eləcə də orqanizmdə yığılıb qalan toksinlər xaric olmadığına görə daha tez-tez virus xəstəliklərinə yoluxma halları baş verir. Buna görə də yaxşı olar ki, su qəbuluna xüsusi diqqət ayrılsın. Suyu müxtəlif meyvələrlə dadlandıraraq, nanə əlavə edərək də qəbul etmək olar”.
Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, bitki çaylarını qəbul edərkən insan öz orqanizmi barəsində məlumatlı olmalı və peşəkarlardan dəstək alaraq istifadə etməlidir: “Çünki bütün bitkilərin müalicəvi təsiri var, lakin orqanizmdə bəzən də fəsadlara yol aça bilər. Buna görə də bitki çaylarını qəbul edərkən diqqətli olmaq lazımdır. Çay dəmləyərkən içərisinə mixək, kəklikotu kimi bitkilər əlavə etmək olar. Bu cür çaylar immun sisteminin güclənməsində özünəməxsus rol oynayır. Amma nəzərə almaq lazımdır ki, gün ərzində iki fincandan artıq bitki çayı qəbul edilməməlidir. Həmçinin bitki çaylarını günün birincisi yarısı qəbul etmək daha məqsədəuyğundur, çünki bu zaman insan gün ərzində daha gümrah və enerjili olur. Eyni zamanda yuxu rejiminə diqqət etmək lazımdır. Çünki yuxu rejiminin pozulması da birbaşa olaraq immun sisteminə öz mənfi təsirlərini göstərir. Buna görə də saat 23:00-dan sonra 7-8 saat yatmağa diqqətə etmək vacibdir. Həmçinin fiziki aktivliyin olması da immun sistemində özünü göstərən vacib amildir. Həftədə 2-3 dəfə müntəzəm olaraq idmanla məşğul olmaq və gün ərzində açıq havada yürüyüş etmək immun sisteminin güclənməsində mühüm rol oynayır”.
~ Abbaszadə Fidan