Qida asılılığından necə qurtulmalı? – Mütəxəssis Asim Vəliyev AÇIQLADI:

0 Shares

Qida asılılığından əziyyət çəkən insanlarda yeməyə qarşı bir növ tolerantlıq yaranır. Getdikcə daha çox yeyirlər, ancaq yemək onları daha az qane edir. Qida asılılığından əziyyət çəkən insanlar nə edə bilər? Bu asılılığın qarşısını almaq üçün çaba göstərməyən şəxsləri nə kimi təhlükələr gözləyir?

Qida sahəsi üzrə mütəxəssis Asim Vəliyev Modern.az-a deyib ki, qida asılılığı yüksək kalorili, şəkərli və yağlı qidalara qarşı nəzarətsiz istək göstərməklə xarakterizə olunan bir problemdir: 

“Bu asılılıq  narkotik asılılığına bənzər şəkildə beyindəki dopamin sistemini təsir edir. İlk vaxtlarda müəyyən miqdarda yeməklə alınan zövq zamanla daha çox qida qəbul edildiyi halda belə azalmağa  başlayır. Bu hal insanların həm sağlamlığını, həm də psixoloji vəziyyətini ciddi şəkildə sıradan çıxarmağa başlayır. Qida asılılığının əsas səbəblərindən biri beyindəki zövq və mükafat mərkəzinin həddindən artıq stimullaşdırılmasıdır. Bu stimulyasiya xüsusilə şəkər, duz və yağlarla zəngin qidalarda baş verir. Dopamin, insanda zövq və məmnuniyyət hissi yaradır. Lakin uzun müddət yüksək dopamin səviyyəsinə vərdiş edən beyin eyni səviyyədə məmnunluq hiss etmək üçün daha çox qida tələb edir”.

Mütəxəsisin sözlərinə görə, sosial və emosional faktorlar da qida asılılığına səbəb ola bilir:
 “Stres, depressiya və ya narahatlıq yaşayan insanlar bu haldan xilas olmaq üçün yeməyə başlayırlar. Yemək bir növ “rahatlıq mənbəyi” olur və bu da zamanla asılılıq yaradır. Qida asılılığının ən böyük fəsadlarından biri piylənmədir. Artıq kalori qəbulunu nəticəsində çəki sürətlə artır. Bu, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, şəkərli diabet kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Həmçinin artıq  çəki ilə bağlı oynaq və skelet sistemi problemləri də əmələ gəlməyə başlayır”.

Asim Vəliyev bildirib ki, qida asılılığının psixoloji fəsadları da var: “Qida asılılığı olan insanlar çox zaman özlərinə olan hörmətlərini itirir və sosial həyatdan uzaqlaşırlar. Çəki artımı və yemək üzərində nəzarətin itirilməsi depressiyaya, özünəinamsızlığa və çəkingənliyə  gətirib çıxarır”.

Müsahibimiz qeyd edib ki, qida asılılığından xilas olmaq çətin olsa da, mümkündür:

“İlk növbədə bu problemin mövcudluğunu qəbul etmək və mütəxəssis dəstəyi almaq vacibdir. Nizamlı yemək vərdişi formalaşdırmaq qida asılılığının qarşısını almağın ən yaxşı yollarından biridir. Yeməklər arasında uzun fasilə verməmək və kiçik porsiyalarla qidalanmaq, qida qəbuluna nəzarət etməyə kömək edə bilər. Həftəlik mütəmadi fiziki fəaliyyət, idman dopamin səviyyəsini artıraraq qida asılılığını azaltmağa kömək edə bilər. İdman həmçinin artıq kalorilərin yandırılmasına və sağlam çəkidə qalmağa kömək edir. Çox zaman qida asılılığı stresdən qaynaqlanır. Bu səbəbdən streslə mübarizə aparmaq üçün meditasiya, yoqa və digər stressə nəzarət üsulları faydalı ola bilər. Stressi azaltmaq, yeməyə qarşı meyli də azalda bilər”.

Həkim dietoloq Leyla Zülfüqarlı bildirib ki, qida ilə bağlı bir sıra asılılıqlar var və  bunların öhdəsindən müalicə terapiyaları ilə gəlmək olar:

“Qida ilə əlaqəli olan kofein, şəkər, narkotik, alkaqol, qazlı içki, fast food və s. kimi asılılıqlar mövcuddur. Bunların öhdəsindən gəlmək üçün biz müalicə terapiyalarından istifadə edirik. Bu problemin aradan qaldırılması üçün xüsusi səy göstəririk. Xüsusilə deyim ki, ağzımızda dil üzərində 4-dat reseptor mərkəzi aktivdir. Sonradan o zərərli qidaları yeməklə reseptor mərkəzinin aktivləşir ki, özəlliklə heç faydalı olmayan, amma tərkibində dadlandıcı maddələr olan qidaları qarşı bir meyilliyimiz yaranır. Çünki o reseptor mərkəzini süni şəkildə aktivləşdirmişik və ona görə qazlı içki içən insanlar, fast foodla və digər zərərli qidalarla qidalananlar davamlı onu yenidən yemək istəyir. Biz isə aktivləşən mərkəzi müalicə ilə bloklaşdırırıq”.

~ Abbaszadə Fidan