Çörək istehlakında kəskin AZALMA – Cəmiyyətimizin qida rasionu DƏYİŞİR?      Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Azərbaycanda əhali çörək yeməyi azaldıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ölkəmizdə adambaşına 116.6 kq çörək istehlak edilib. Bu da 2022-ci illə müqayisədə 5.9 kq azdır.

Maraqlıdır ki, bu azalmanın səbəbi nədir?

Ümumiyyətlə, son vaxtlar çörəyin ziyanları barədə daha çox fikirlər səsləndirilir. Bəzi vətəndaşlar çörəyin tərkibinin zərərli olduğunu düşündükləri üçün çörək yemirlər, bəziləri isə mağazadan çörək almaq əvəzinə evdə hazırlamağa üstünlük verirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda çörək istehlakının həcmi AÇIQLANDI:


Sözü gedən məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynovanın da fikirlərini öyrəndik. 

Ekspert əvvəlcə çörəyin faydaları barədə danışıb:

“Əgər çörək təbii buğdadan hazırlanırsa, bunun insan orqanizminə bir çox faydası mövcuddur. Xüsusilə, orqanizmin formalaşması dövründə 8 yaşa qədər çörəkdən istifadə olunubsa, onu qida rasionundan çıxarmaq yolverilməzdir. Çünki çörəyin tərkibində B-qrup vitaminlər və bir çox elementlər var ki, bunlar insan orqanizminə faydalıdır”. 

Sənaye üsulu ilə hazırlanan çörəyin ziyanları:

“Mənşəyi bəlli olan yerlərdən, keyfiyyətli undan hazırlanan çörəklərdən almaq lazımdır. Çünki bu gün sənaye üsulu hazırlanan çörəklərin xəmiri yoğrularkən kimyəvi tərkibi olan mayadan istifadə edirlər, bu həzm prosesinin korlanmasına və bağırsaqların hərəkətliliyinin aşağı düşməsinə səbəb olur, bununla da orqanizmdə maddələr mübadiləsi pozulur, qəbizlik, qarında şişkinlik ağrı baş verir ona görə də ev üsulu hazırlanan çörəklərdən istifadə daha sağlam hesab olunur. Bəzən  çörəyin bişirilməsi zamanı şəkərdən istifadə olunur ki, bu da asılılıq yaradır”. 

Gündə nə qədər çörək yeyilməlidir?

“Səhər yeməyində 1-2 dilim  qəbul etmək olar, ancaq axşam yeməyində isə çörək yemək o qədər də tövsiyyə edilmir”, – ekspert bildirib.

Müsahibimiz qeyd edib ki, əgər həm ağ çörək, həm də qara çörək təbii şəkildə hazırlanıbsa, onların kalori miqdarında çox az fərq olur. Həmçinin,  ağ çörəyin kalori miqdarını azaltmaq üçün onu qızdırılmış formada yemək olar:

“Digər önəmli məqamlardan biri də sənaye üsulu, xüsusilə, ağ undan  hazırlanan çörəklərin buğdanın keyfiyyətli hissəsi olan kəpək və rüşeym hissəsinin ayrılmasıyla bişirilməsidir. Ancaq bu maddələr xərçənglə mübarizədə rol oynayır. 

Çörəyin tərkibində karbohidrat olduğu üçün onunla  birlikdə tərkibində zülal, yağlar olan qidalar qəbul olunmalıdır. Əgər onunla birgə karbohidratlı qidalar qəbul olunarsa, bu, həzmi çətinləşdirir, orqanizmdə ağrılara, narahatlıqlara səbəb olur. Düzgün miqdarda qəbul olunan çörək orqanizmdə enerjinin yaranmasına xidmət edir”.

Çörək alarkən nələrə diqqət etməliyik? 

Məhsəti Hüseynova sonda çörəyin qablaşdırılması, istifadəsi,  saxlanılması üsulları barədə də önəmli məqamları vurulayıb. 

“Çörək alarkən qablaşdırılmaya, bişirilmə tarixi və tərkibiylə bağlı məlumatlara diqqət etmək lazımdır. Bəzən çörək son istifadə müddəti bitdikdən sonra da qəbul edilir, ancaq bu, yolverilməzdir. Çünki onun rəngi qoxusu dəyişməsə də, tərkibində müəyyən dəyişiklikliklər yaranır.  Çörəklərin uzun müddət qalması üçün istifadə olunan kimyəvi maddələr orqanizmdə qaraciyər, böyrək çatışmazlığı kimi fəsadların yaranmasına səbəb olur. Çörəyin daha çox kağız, parça torbalarda və yaxud xüsusi taxta qablarda saxlanması daha sağlam hesab olunur”. 

~ Abbaszadə Fidan