“Anidən veqan həyat tərzinə keçmək risklidir” – EKSPERT Məhsəti Hüseynova’dan XƏBƏRDARLIQ

0 Shares

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, bu gün insanlar bəzən sağlam qidalanma adı altında illərlə qəbul etdikləri müəyyən qidaları tamamilə rasionlarından çıxarırlar:

“Burada yanlış olan məqamlar var. Rasiondan çıxarılan ət və ət məhsulları, yaxud şəkər və duz kimi məhsullar ola bilər. Bu kimi qida vərdişinin dəyişməsini edəcəklərsə, mütləq şəkildə orqanizmlərini tanımalıdırlar və nəyə görə bu vərdişi dəyişmək istədiklərini bilməlidirlər. Əgər insan orqanizmi 8 yaşa qədər heyvan mənşəli qidalarla qidalanıbsa, ətdən istifadə edibsə və müəyyən bir yaşdan sonra bunlardan imtinan edib birdəfəlik vegeterian olursa, bu zaman ilk başlarda olmasa da, gələcəkdə müəyyən sağlamlıq problemləri ilə üzləşəcək. Burada əsas məqam odur ki, 8 yaşa qədər orqanizmin ilkin formalaşma mərhələsidir. Sonrakı mərhələ 20-25 yaşa qədər davam edir. Ətin tərkibindəki minerallar, makro və mikroelementlər, zülallar orqanizm tərəfindən tanındığına görə, ömrünün qalan hissəsində də həmin qidadan istifadə etməsi sağlamlıq üçün çox faydalıdır. Əgər bu qidalardan imtina edirsə, qidalanmasında mütləq balans yaratmalıdır. Hansı qidaları rasionundan çıxarırsa, o qidanın əlavəsini, yaxud tərkibində olan maddəni digər qidalardan balanslı şəkildə qəbul etməlidir. Əgər almırsa, vitamin və mineral çatışmazlığı, eləcə də daxili orqanların funksiyalarının pozulması və digər sağlamlıq problemləri ilə rastlaşacaq”.

Ekspert bildirib ki, bəzən daha az kalorili qidalanmaqla çəki atmaq məqsədilə də bu yola əl atırlar:

“Burada da artıq monoton qidalanma müəyyən sağlamlıq problemlərinə gətirib çıxaracaq. Arıqlamaq, kökəlmək məqsədilə, yaxud digər səbəbdən veqan qidalanmağa başlamazdan əvvəl mütləq mütəxəssislərlə məsləhətləşmək lazımdır. Sağlamlığına dəyər verən insana yaşadığı coğrafi mövqeyə əsasən heyvan mənşəli qidalardan sağlam olanı hər zaman qəbul etməsi tövsiyə olunur”.

  • Hüseynli Nərgiz