“Yay mövsümündə bir çox xanımlar ev şəraitində bəzi qidaları konservləşdirmə üsulu ilə qışa tədarük edirlər. Lakin konservləşdirmə zamanı qaydalara düzgün əməl olunmazsa, bu nəticədə zəhərlənmə ilə nəticələnir. Hətta bir çox hallarda ölümə də səbəb olur. Yaxşı olar ki, konservləşdirmə zamanı mütləq şəkildə meyvə-tərəvəz yaxşı yuyulsun, həmçinin keyfiyyətli, mövsümi və yerli məsullara üstünlük verilsin. Əgər meyvə-tərəvəzlərin hər hansı birində əzik və ya xarab olmuş hissə varsa, ondan ümumiyyətlə istifadə etmək tövsiyyə olunmur. Mütləq şəkildə sanitar-gigiyenik qaydalara da əməl olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, konservləşdirmə zamanı istifadə olunan qablar şüşə olmaqla yanaşı, sterilizasiya da düzgün aparılmalıdır: “Eyni zamanda saxlanma şəraiti və temperatur rejiminə də diqqət yetirilməlidir. Konservləşdirilmiş qidaların mümkün qədər qaranlıq və sərin yerdə saxlanılmasına diqqət etmək lazımdır.
Bir çox hallarda yuxarıda qeyd olunan qaydalara əməl olunmur və yaxud qaynar su ilə isti emal olduğuna görə, qidanın tərkibində olan mikroorqanizmlərin qaynar su ilə yox olacağı düşünülür. Lakin steril qaydalara düzgün əməl olunmayıbsa bu zaman konservləşdirilmiş məsul zərərli hesab olunur. Eyni zamanda konservləşdirilən qidalar uzun müddət saxlanıldıqda diqqət etmək lazımdır ki, qapaq şişməsin. Xüsusilə də məsulun suyunda bulanıqlıq, çökmə varsa, həmin məsuldan istifadə etmək tövsiyyə olunmur. Bu sənaye üsulu ilə emal olunmuş qidalara da aiddir. Lakin sənaye üsulu ilə emal olunan qidaların ev üsulundakından fərqi ondandır ki, ev üsulu qidalarda konservantlardan istifadə olunmur. Sənaye üsulunda isə konservantlardan istifadə olunur və rəf ömürləri uzun olur, həmçinin zəhərlənmə daha az baş verir”.
- Hüseynli Nərgiz