2 Fevral “Gənclər günü” münasibətilə mükafatlandırma mərasimi keçirilib!
Bakı şəhər Gənclər və İdman İdarəsi, Peşəkar Qənnadçılar İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkatının birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbirdə müxtəlif universitetlərin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri, şirniyyatçılar, aşbazlar, tələbələr, ictimai fəal gənclər və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev qeyd edib ki, gənclərin inkişafına dəstək vermək və onların bilik-bacarıqlarını artırmaq üçün bu cür tədbirlər müstəsna əhəmiyyət daşıyır.
O, qənnadçılıq sahəsində gənclərin aktiv iştirakını və bu sahədə gələcək kadrların hazırlanmasının vacibliyini vurğulayıb.
Daha sonra Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova çıxış edərək bildirib ki, milli mətbəximizin qorunub gələcək nəsillərə ötürülməsindən, sağlam qidalanma və qida təhlükəsizliyi mövzuları gənclər arasında geniş şəkildə təbliğ olunmalıdır.
O, tədbirin bu sahədə maarifləndirmə baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək qeyd edib ki, gənclərin cəmiyyətin inkişafında oynadığı rol danılmazdır və bu kimi tədbirlər onların bacarıqlarını və sosial aktivliyini artırmaq üçün mühüm platformadır.
O, tədbir iştirakçılarını aktiv olmağa və öz biliklərini genişləndirməyə çağırıb.
Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək, Azərbaycan kulinariya irsinin qorunması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, gəncləri milli mətbəxi daha yaxından tanımağa və bu sahədə öz töhfələrini verməyə dəvət edib.
“Xonça” Şirniyyatın əməkdaşı Rena Alkan çıxış edərək, şirniyyat sənayesinin inkişafında gənclərin rolundan danışıb və onların bu sahəyə maraq göstərmələrinin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində gənclərin inkişafına verdikləri töhfələrə görə bir sıra fəal gənclər və TGT sədrləri mükafatlandırılıb. Həmçinin, Peşəkar Qənnadçılar İctimai Birliyinin yeni üzvlərinə rəsmi sertifikatlar təqdim olunub. Maraqlı və interaktiv bir hissə kimi, tədbirdə gənclər arasında bilik və məntiqə əsaslanan viktorina təşkil edilib. Viktorinanın qaliblərinə dəyərli kitablar hədiyyə olunub. Bununla yanaşı, müxtəlif qida şirkətlərinin dəstəyi ilə iştirakçılar üçün maraqlı və interaktiv master-klaslar keçirilib, qaliblərə hədiyyələr təqdim olunub. Tədbir musiqili proqramla davam edib və iştirakçılar üçün unudulmaz anlar yaşadıb. Sonda təşkilatçılar tədbir iştirakçılarına təşəkkür edərək, bu cür tədbirlərin gənclərin inkişafında böyük rol oynadığını vurğulayıblar. Bu tədbir, gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların sosial aktivliyini və yaradıcılıq potensialını inkişaf etdirməyə yönəlmiş mühüm bir platforma olub.
~ Abbaszadə Fidan