Sosial şəbəkələrdə marketinq oyunları: Necə edək ki aldanmayaq?
Son günlər müxtəlif qidalar sosial şəbəkələrdə trendə çevrilib. Bir çox bloggerlər bu məhsulları kamera qarşısında böyük həvəslə dadaraq onların olduqca ləzzətli olduğunu və mütləq sınanmalı qidalar siyahısına daxil olmalı olduğunu bildirir. Bu cür videoları izləyənlər isə o dəqiqə təsir altına düşərək göstərilən məhsulları almağa tələsirlər.
Nəticədə bazarda bu qidalara tələbat artır və qiymətlər də sürətlə artır. Bəzi məhsulların kiloqramı 80 manata, tək ədədinin qiyməti isə 10 manata qədər çatır. Trend məhsullar arasında qurudulmuş dondurmalar, sublimasiya olunmuş meyvələr, meyvə formasında şirniyyatlar və son günlər populyarlaşan Çindən gətirilən 3D dondurmalar yer alır.
Lakin bu məhsulları alan bir çox istehlakçı sonradan gözləntilərinin doğrulmadığını bildirir. Onların fikrincə, bu qidalar nə qiymətinə, nə də təqdim olunduğu qədər dad keyfiyyətinə malikdir. Eyni məbləğə daha keyfiyyətli və dadlı alternativlər almaq olar.
Bəs necə edək ki, bu marketinq oyununa aldanmayaq?
Patrul.az mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyevin fikirlərini öyrənib:
“Nəzərə alaq ki, bloqerlərin paylaşdığı hər şey təhlükəsiz, ya sağlam deyil. Bloqer olmaq o sahənin peşəkarı olmaq deyil. Əksəriyyəti sadəcə izləyici kütləsi olan, bəziləri isə təhsili başqa sahə üzrə olan insanlardır.
Hər dövrün öz dəbi olduğu kimi, qida sektorunda da müəyyən trendlər dalğası yaşanır. Bugünkü vəziyyətimiz əvvəlkilərdən fərqlidir. Artıq biz qidanı onun faydası, dadı üçün deyil, ekran görüntüsü üçün alırıq. Sosial şəbəkələrdə milyonlarla baxış toplayan o rəngarəng 3D dondurmalar, sublimasiya olunmuş qidalar, ekzotik şirniyyatlar əslində bir marketinq hiyləsidir.
İnsan orqanizmi milyonlarla il ərzində təbii, tam qidaları həzm etməyə proqramlaşıb. Biz bir meyvəni yeyərkən onun lifini, suyunu və vitaminini balanslı bir şəkildə alırıq. Amma sublimasiya olunmuş meyvə yeyərkən, biz əslində çoxlu şəkər istehlak edirik. Suyu xaric edilmiş qida doyma siqnalını gecikdirir. Belə olduqda qan şəkərimiz kəskin şəkildə yüksəlir. Bu isə insulinin sürətlə artmasına, bir müddət sonra isə daha şiddətli aclıq hissinə və piylənməyə səbəb olur”.
Mütəxəssis qeyd edib ki, trend dediyimiz qidaların populyarlığı onların qida dəyərindən deyil, vizual cəlbediciliyindən, emosional marketinqindən qaynaqlanır:
“Bu məhsulların əksəriyyəti yüksək dərəcədə emal olunmuş qidalardır. Bu da onları orqanizm üçün faydasız, bəzən isə allergen və kimyəvi qatqı yükü baxımından riskli edir.
Qurudulmuş meyvələr və dondurmalar çox vaxt liofilizasiya üsulu ilə hazırlanır. Bu texnologiyada məhsul əvvəlcə mənfi dərəcələrdə dondurulur. Sonra vakuum altında buzu birbaşa buxara çevrilir. Müsbət tərəfi odur ki, vitaminlərin bir hissəsi qorunur. Amma su xaric olduğu üçün şəkər və kalori sıxlığı artır. 100 qram təzə çiyələkdə olan şəkəri, biz 10-15 qramlıq bir paket trend çiyələklə alırıq. Toxluq hissi yaranmadığı üçün aşırı istehlaka səbəb olur.
3D dondurmalar və meyvə formalı şirniyyatların parlaq rəngləri və cəlbedici formaları təbii deyil. Burada söhbət E102 (Tartrazin), E129 (Allura Red) kimi sintetik qida boyalarından və stabilizatorlardan gedir. Bu maddələrin çoxu uşaqlarda hiperaktivliyə və həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. 10 manata aldığımız bir dondurmanın tərkibində əsl qaymaq, ya süd deyil, bitki mənşəli yağlar və emulqatorlar olur. Qiymətin baha olması hər zaman keyfiyyət göstəricisi deyil, daşınma və trend xərcləridir”.
A.Vəliyev, bloggerlərin videolarının beynimizdə dopamin ifrazını stimullaşdırdığını əlavə edib:
“Bu bioloji aclıq deyil, emosional aclıqdır. Biz o məhsulu yedikdə dadından çox, həmin trendin bir parçası olmağımızdan həzz alırıq. Amma unutmayaq ki, dad tumurcuqlarımız bu qədər yüksək konsentrasiyalı dadlandırıcı və aromatizatorlara öyrəşdikdə, təbii meyvə və tərəvəzlər bizə dadsız gəlməyə başlayır.
Məhsulları alarkən diqqət etməli olduğumuz məqamlar var. Əgər bir məhsulun üzərindəki yazıları oxuya bilmiriksə və üzərində yerli dildə stiker yoxdursa, o məhsul qanunsuz yollarla gətirilmiş ola bilər. Bu isə onun istehsal şəraiti və tərkibi barədə heç bir zəmanət vermir.
80 manatlıq trend qida alarkən bir anlıq düşünməliyik ki, eyni məbləğə 10 kq əsl təbii çiyələyi, ya yüksək keyfiyyətli qoz-fındıq almaq olar. Psixoloji olaraq trend videoları izlədikdən dərhal sonra mağazaya getməsək yaxşı olar. Beynin həmin stimulu söndürməsi üçün ən azı 20-30 dəqiqə vaxt lazımdır. Digər bir məsələ odur ki, qidanı yeyərkən dilimiz və damağımız rəng alırsa, o məhsulda süni boyaq maddələri normadan artıqdır. Bu məhsulları xüsusən uşaqlardan uzaq tutmalıyıq”.
“Məhsulların qiyməti ilə bağlı deyə bilərəm ki, kiloqramı 80 manat olan bir məhsulun maya dəyəri çox vaxt onun qiymətinin 10 faizini belə təşkil etmir. Bir istehlakçı olaraq keyfiyyətli xammala yox, qablaşdırmaya, bloggerin yaratdığı saxta ehtiyac duyğusuna pul ödəyirik.
Həmçinin sublimasiya olunmuş qidalar rütubəti dərhal çəkir. Paketi açıldıqdan sonra qısa müddətdə istehlak edilməzsə, içərisində kiflər və mikroorganizmlər sürətlə inkişaf edə bilər”,– deyə o, sözlərini yekunlaşdırıb.
- Fidan Abbaszadə





