Zərərini bilirik, amma yenə yeyirik: Fast food niyə bu qədər cazibədardır? – Mütəxəssis Asim Vəliyevdən AÇIQLAMA:

0 Shares

“Fast food qidalarda əsas problem onların tərkibində yağ, duz və şəkər miqdarının çox olmasıdır. Bu maddələr orqanizmə qısa zamanda enerji versə də, uzunmüddətli dövrdə artıq çəki, piylənmə, ürək-damar problemləri, həzm sistemi pozğunluğu, diqqət dağınıqlığı və yuxu problemlərinə səbəb olur”.

Bu sözləri Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, əgər biz davamlı şəkildə fast food qəbul etsək, beyində dopamin səviyyəsi dəyişir:

“Bu da həmin qidalara qarşı asılılıq yaradır. Orqanizm artıq həmin tez və dadlı enerjiyə öyrəşir və onu tələb etməyə başlayır. Bu proses siqaret və ya şəkər asılılığına bənzər bir psixoloji dövr yaradır. Həmçinin bu qidalar orqanizmə lazımi vitamin, mineral və lif vermədiyi üçün gənclər özlərini tez yorğun, halsız və diqqətsiz hiss edirlər. Bəzən bu hal enerji çatışmazlığı və dərsə marağın azalması kimi görünür. Amma unutmamalıyıq ki, əsas səbəb qidalanmadadır.

Nəzərə almaq lazımdır ki, fast food sadəcə yemək deyil, vərdişdir. Bu vərdiş həm bioloji, həm də sosial səbəblərlə möhkəmlənir. Dostlar fast food yeməyi təklif edəndə imtina etməyə utanırıq, çəkinirik. Həm də evdə sağlam yemək hazırlamaq vaxt, bacarıq və motivasiya tələb edir. Marketinq reklamları beyin üçün sürətli dopamin siqnalı yaradır. Bütün bunlara görə gənclər çox vaxt zərərini bildikləri halda belə, bu vərdişi tərk edə bilmirlər.

Fast fooddan tam imtina etmək real olmasa da, balans yaratmaq mümkündür. Məsələn, onu həftədə bir dəfəyə qədər azaltmaq olar. Ev üsulu ilə sadə, amma sağlam versiyalar hazırlamaq da mümkündür — ev burgeri, sobada bişmiş kartof və təbii içkilər kimi. QHT-lər məktəblərdə və sosial mediada qidalanma mədəniyyəti ilə bağlı sadə, interaktiv maarifləndirmə işləri apara bilərlər”.

  • Abbaszadə Fidan