“Zəhərlənmələr hər bir insanda fərqli şəkildə özünü göstərir“ – MÜTƏXƏSSİS Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

“Son illərdə qida zəhərlənmələrinin sayı günü-gündən artır. Bir çox hallarda zəhərlənmənin dəqiq şəkildə hansı qidadan olduğu da göstərilmir. Xüsusilə də bu hallar havalar isindikcə, temperatur yüksəldikcə çoxalır. Zəhərlənmələrdən qorunmaq üçün yaxşı olar ki, mənşəyi, saxlanma temperaturu bəlli olan qidalara üstünlük verilsin. Burada məhsul qonşuluğu prinsipinin pozulmamasına da xüsusi diqqət ayırmaq lazımdır”. 

Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. 

O bildirib ki, son dövrlərdə qida zəhərlənmələri daha çox ət və ət məhsullarından olur: “Xüsusilə də burada toyuq və balıqdan hazırlanan qidalar çoxluq təşkil edir. Toyuq ətinin daha yüksək risk qrupuna aid olması və bir çox hallarda da restoranlarda, küçə yeməklərində də zəhərlənməyə səbəb olur. Zəhərlənmələr hər bir insanda fərqli şəkildə özünü göstərir. İmmun sistemi zəif olan insanlarda daha çox mədədə ağrı, ishal, qusma, yüksək temperatur, görmə qabiliyyətinin itməsi kimi hallarla müşaiyət olunur. Vaxtında müdaxilə olunmadıqda isə ölümlə nəticələnə bilir. Lakin yüngül zəhərlənmələr və immun sistemi güclü olan insanlar bəzən zəhərlənmə hallarını daha asan keçirirlər. Bu zaman həzm sistemində pozulmalar, mədədə ağırlıq, şişkinlik kimi özünü göstərir. Lakin bu heç də zəhərlənmənin tam keçdiyini göstərmir. Çünki düzgün qidalanmadıqda bağırsaq mikroflorası pozulur, bu da immun sisteminin pozulmasına gətirib çıxarır. Bu isə asanlıqla digər xəstəliklərə yoluxma hallarına gətirib çıxarır. Mütləq şəkildə qida qəbulunda diqqətli olmalıyıq. Hava isinməyə başladıqca hazırladığımız qidaları birdəfəlik istehlak ediləcək qədər hazırlamalıyıq”.

~ Abbaszadə Fidan