“Yuxu rejimi və fiziki aktivlik əvəzsizdir” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova DANIŞDI

0 Shares

“Payız mövsümü yaxınlaşdıqca havanın temperaturunun dəyişməsi immun sistemi aşağı olan insanlar üçün mövsümü xəstəliklərə yoluxma riskini daha da artırır. Bu isə daha çox uşaqlarda, məktəblilərdə və gənclər arasında rast gəlinən haldır. Eyni zamanda xroniki xəstəliyi olan insanlar və immun sistemi zəif olan şəxslərdə də xəstəliyə yoluxma halları tez-tez baş verir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. O bildirib ki, fəsil dəyişən zaman xəstəliklərdən qorunmaq üçün sağlam qidalanmağa xüsusi olaraq diqqət ayırmaq lazımdır: “Həmçinin qidalanma ilə yanaşı yuxu rejimi və fiziki aktivliyə də diqqət olunmalıdır ki, orqanizm daha sağlam olsun.

Orqanların funksiyalarını düzgün yerinə yetirə bilməsi üçün yuxu rejimi və fiziki aktivlik əvəzsizdir.

Bir çox halda məktəblilər, gənclər səhər saatlarında qidalanmağa diqqət etmirlər. Səhər qidalanmaq əvəzinə məktəb və universitetdə mənşəyi bəlli olmayan qidalara üz tuturlar. Bu isə birmənalı şəkildə insan orqanizminin sağlamlığına zərər vurur və inkişaf prosesini ləngidir. Xüsusilə 25 yaşa qədər olan insanların gün ərzində qəbul edəcəyi qidaların tərkibindəki makro və mikro elementlərin bol olması vacibdir. Lakin əksər hallarda rəf ömrü uzun olan paketlənmiş qidalar, qazlı və rəngli içkilərdən mütəmadi olaraq istifadə olunur. Bu isə orqanizmdə vitamin və mineral çatışmazlığına gətirib, çıxarır.

Düzgün qidalanma zamanı mövsümü meyvə-tərəvəz, çərəzlər və quru meyvələrdən istifadəyə xüsusi diqqət ayırmaq lazımdır. Bütün bunlarla yanaşı orqanizmin gün ərzində maye balansını təmin etmək üçün su qəbulu da olduqca önəmlidir”.

  • Hüseynli Nərgiz