Yeni ildə hind quşu (hinduşka) yemək, bir çox mədəniyyətlərdə həm ənənəvi, həm də simvolik bir təcrübədir. Bu, xüsusən Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələrində daha çox yayılıb, ancaq azərbaycanlıların da bayram süfrəsində hinduşkaya rast gəlmək mümkündür.
Bəs Yeni ildə nə üçün hinduşka yeyilir?
Mövzu ilə əlaqədar Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Redaktor.az-a danışdı.
O bildirdi ki, faydalı xüsusiyyətlərinə görə hinduşka zülal mənşəli qida məhsuludur, tərkibi vitamin və minerallarla da zəngindir:
“Eyni zamanda zülal tərkibli olduğuna, həmçinin tərkibində doymamış yağlar olduğuna görə orqanizmə çox faydalıdır, tez həzm olunur və xüsusən az yağlı olmasına görə digər heyvan ətlərindən seçilir. Hinduşkanın tərkibində bir qrup vitaminlər var ki, bunlar mərkəzi sinir sisteminin formalaşmasında, immun sisteminin güclənməsində əsas rol oynayır. Həmçinin bu quş ətinin tərkibində dəmir, fosfor, selen kimi maddələr də var”.
Mütəxəssis Avropa və Qərb ölkələrindəki hinduşka ənənəsindən də danışdı:
“Bu, digər quş ətlərindən ölçüsünə görə daha böyükdür. Bolluq, bərəkət rəmzi olaraq da bunu istifadə edirlər və adətən Qərb ölkələrində, Amerikada “Təşəkkür günü” (“Şükran günü”) qeyd olunur ki, bu, adətən noyabr ayının sonuncu günlərinə təsadüf edir. Həmin gündə də hinduşka ətindən istifadə edirlər. Hind quşu tərkibinin zənginliyi ilə də immun sisteminin güclənməsində rol oyanır, eyni zamanda insanları soyuq aylarda olan xəstəliklərə yoluxmadan da qoruyur”.
Məhsəti Hüseynova əlavə etdi ki, hinduşka faydalı olsun deyə istehlak olunacağı qədər bişirilməlidir, çünki zülal mənşəlidir və bişirdikdən sonra bir neçə gün saxlamaq, soyuducudan çıxarıb isitmək qidanın tərkibinin dəyişməsinə, mikroorqanizm və bakteriyaların çoxalmasına gətirib çıxara bilər.
~ Abbaszadə Fidan