Artıq mağazaların çoxunda yeni il üçün hazır hədiyyə qutuları satışa qoyulur. Qutuların içini isə alıb, evdə açdıqdan sonra görmək olur. Nəzərə alsaq ki, bu hədiyyə qutuları uşaqlar üçün alınır, diqqətli olmağın nə dərəcədə vacib olduğunu deməyə ehtiyac yoxdur.
Bəs hədiyyə qutularında istifadə edilən məhsullar uşaqların sağlamlığında hansı problemlər yarada bilər?
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında qida eksperti Məhsəti Hüseynova bildirib ki, yeni il hədiyyə qutuları azyaşlılar üçün nəzərdə tutulduğuna görə onları mütləq etibarlı şirkətlər hazırlanmalıdır:
“Mütləq qutunun cəlbediciliyi, rəngarəngliyi ilə yanaşı eyni zamanda onun üzərində istehsalçı şirkət haqqında ətraflı məlumatın olması, içərisindəki qida məhsulları haqqında tam məlumatların göstərilməsi, bu məhsulların hər birinin ayrılıqda tərkibinin verilməsi və bu tərkibi ilə yanaşı onun son istifadə müddəti və istehsal tarixi tam göstərilməlidir. Uşaqlar bu qutuları açdıqda, nə vaxtlara diqqət edirlər, nə də onların bu məlumatları araşdıracaq qədər məsuliyətləri olduğuna görə bu yük əsasən valideyinlərin üzərinə düşür. Onlar mütləq bu hədiyyələri aldıqları zaman yoxlayıb, sonra övladlarına verməlidirlər. Əks halda tərkibində vaxtı keçmiş məhsul olarsa, konservantlar çox istifadə olunan, ömrü uzun olan qidalar var ki, kimyəvi maddələrdən istifadə olunur. Bu qidalar bir çox uşaqlarda həzm probleminə gətirib çıxara bilər. Eyni zamanda onların tərkibində istifadə olunan əlavələr və bu əlavələrlə yanaşı bəzən çərəzlər də olur ki, onlar allergik reaksiaya səbəb ola bilər. Ona görə də, mütləq şəkildə tərkibi ilə bağlı mütləq ətraflı məlumatı bilib, ən yeni olanı uşağa təqdim etməlidirlər. Yaxşı olardı ki, valideyinlər övladlarının sevdiyi qidaları toplayaraq özləri yeni il qutusu hazırlasınlar. Bu ən təhlükəsiz hesab olunan üsuldur”.
Ekspert qidalarla yanaşı, hədiyyə qutularının içərisində olan oyuncaqlardan da bəhs edib:
“Bəzən qutuların içində oyuncaqlardan da istifadə edirlər ki, bu oyuncaqların da mənşəyi məlum olan yerdən olması, xüsusilə onların hazırlanmasında istifadə olunan boyaların uşaqlar üçün hər hansı təhlükə yaratmadığını bilmək lazımdır”.
- Hüseynli Nərgiz