Yayda zəhərlənməmək üçün bunlara əməl edin…

Qida zəhərlənməsi
0 Shares

Son günlər insanların toylarda və ictimai iaşə müəssisələrində qidadan zəhərlənməsi ilə bağlı xəstəxanalara müraciətlərinin sayı artıb. Xüsusilə bu hadisələr rayon toylarında daha sıx müşahidə edilir. Bunu yay fəslində qidaların düzgün saxlanılmasına riayət edilməməsi ilə əlaqələndirirlər. Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. Aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, yay aylarında zəhərlənmə hallarının əsas səbəblərindən biri sanitar-gigiyena qaydalarına əməl edilməməsidir. Mütəxəssis ət və digər heyvan mənşəli qidalardan insan orqanizminə bakteriya, virus keçə biləcəyini vurğuladı: “Yeməklərin bişirildikdən dərhal sonra yeyilməsi məsləhətdir. Yay aylarında temperatur yüksək olduğu üçün otaq şəraitində 1 saatdan artıq qaldıqda tərkibində kimyəvi, fiziki, bioloji, mikrobioloji çirklənmələr baş verir. Bu da qida zəhərlənməsinə səbəb olur. Yay aylarında zəhərlənmə hallarının əsas səbəblərindən biri göbələklərdir. Hətta məlumatlı olsalar belə, meşədə, yaxud başqa açıq ərazidə göbələk toplamaq tövsiyə olunmur. Yaxşı olardı ki, öncə qida allergiyası olub-olmaması yoxlansın. Marketlərdə, bazarlarda sərin şəraitdə saxlanan qidalardan istifadə etmək lazımdır. Yüksək risk qrupuna aid olan ət məhsulları da açıq havada uzun müddət qaldıqda zərərli ola bilər. Əgər dondurulubsa, donu açıldıqdan sonra bir dəfə bişirmək lazımdır. Meyvə-tərəvəzləri zərərvericilərdən qorumaq üçün istifadə olunan pertisidlər də zəhərlənməyə səbəb ola bilər. Meyvə-tərəvəz yuyulmadan qəbul edildikdə təhlükə artır. O cümlədən polietilen torbalar, plastik şüşələr bir dəfə istifadə üçün nəzərdə tutulub. Uzun müddət istidə qaldıqda qidalarla reaksiya gedir, bu halda da xərçəng yaradan hüceyrələr aktivləşir”.

Mütəxəssis yay aylarında sağlam qidalanmaya diqqət etməyin önəmindən danışaraq, bəzi tövsiyələr verdi: “Yay aylarında istehlak edilən dondurma və s. kimi süd məhsullarında yüksək miqdarda şəkər, kalori var. Mütəxəssis bildirdi ki, əgər dondurma keyfiyyətli süddən, qaymaqdan, yağdan hazırlanıbsa, çox faydalı qidadır: ”Dondurmanın tərkibindəki qidalar serotonin hormonunu artırır, bu da xoşbəxtlik hormonu kimi tanınır. Dondurma orqanizmə enerji verir. Yaxşı olar ki, dondurma yeməkdən sonra yeyilməsin. Eyni zamanda gün ərzində qəbul ediləcək kaloriyə uyğun qəbulu məsləhət görülür. Digər tərəfdən, dondurmanın tərkibində palma, spred yağ varsa, orqanizmə zərərdir. Yaxud dadlandırıcı kimi şəkərdən daha çox istifadə olunubsa, zərəri çoxdur. Ev şəraitində dondurma hazırlayarkən birdəfəlik qəbul üçün nəzərdə tutulsa, daha yaxşı olar, çünki süd tez xarab olan qidadır. Şəkər miqdarına gəlincə, günlük normanı keçməmək məsləhət görülür. Qadınlar üçün bu miqdar 20 qram, kişilər üçün 35 qram şəkər qəbul etməlidir. Bu, enerjili olmaq, görmə qabiliyyəti, o cümlədən mərkəzi sinir sisteminin yaxşı çalışması üçün önəmlidir”.

İdmandan öncə və sonra qəbul edilə bilən qidalara gəlincə, M.Hüseynova bildirdi ki, dərhal qida qəbulu məsləhət deyil: “Yaxşı olar ki, yemək idmandan 1 saat əvvəl yeyilsin. İdmandan sonra 1 saat fasilə verməklə yemək olar. Bu da günün saatına görə çox önəmlidir. Daha çox zülal mənşəli, faydalı karbohidratlar olan qidaların qəbulu faydalıdır. Un məmulatları, nişasta tərkibli kartof, düyü kimi qidalardan istifadə olunduqda həzm problemi yaranır. Karbohidrat yağ təbəqəsini artırdığı üçün idmanla məşğul olanların ehtiyatlı olmasını tövsiyə edirəm. Heyvan mənşəli qidaların istifadəsi daha faydalı olar”.

Mütəxəssis vurğuladı ki, yay mövsümündə orqanizmin suya ehtiyacı artır. O maye balansını təmin etmək üçün təmiz su içməyi məsləhət görür: “Tərkibində kifayət qədər maye olduğu üçün yay aylarında meyvə-tərəvəz yemək də maye balansını qorumağa yardım edir. Xiyar, pomidor, göyərtilər, mövsümi meyvə-tərəvəz bu baxımdan çox faydalıdır. Hər orqanizmin maye tələbatı fərqlidir. Hesablamalara görə, hər kiloqrama görə maye tələbi 30 ml-dır. Havanın hərarəti yüksək olduqda, tərləməyə meyllilik varsa, o cümlədən fiziki aktivliklə məşğul olan zaman bu miqdarı 1-2 fincan artırmaq olar. Ayran, bitki dəmləmələri, (bal, limon, zəncəfil qarışdırılaraq) orqanizmin maye balansını təmin etməyə kömək edir. Xüsusilə nanə dəmləməsi ürəyi qüvvətləndirir, maddələr mübadiləsini normallaşdırır. Yay aylarında maddələr mübadiləsinin sürəti nisbətən azalır, qida gec həzm olunur, bu da orqanizmə ağırlıq verir. Nəticədə mineral, vitamin çatışmazlığı yaranır. Eyni zamanda bağırsaqların hərəkətliliyi ləngiyir ki, bu da qəbizliyə səbəb olur, artıq çəki yaranır, şişkinlik olur. Buna görə də tez həzm olunan yüngül qidalardan istifadə etmək lazımdır. Balanslaşdırılmış qidalanmanı təmin etmək, sağlam olmaq, enerjili olmaq üçün orqanizmə 40-dan 70-ə qədər makro və mikro elementlər lazımdır. Bunun üçün çeşidliliyə diqqət etmək lazımdır. Sağlam, mənşəyi bəlli olan qidalardan istifadə etməliyik. Makro elementlər karbohidratlar, yağlar, zülallardır. Karbohidratlar enerji üçündür, zülallar əzələ itkisinin olmaması üçündür. Yağları isə həm heyvan, həm də bitki mənşəli yağlardan əldə etmək mümkündür. Vitamin və mineral balansını meyvə-tərəvəz vasitəsilə qorumaq olar. Çərəzlər orqanizm üçün faydalıdır. Yay aylarında yağda qovrulmuş, qızardılmış qidalar zərərli hesab olunur. Buxarda, manqalda hazırlanan yeməklər, tərəvəz salatları məsləhət görülür”.

Mütəxəssis həmçinin yuxu rejiminə diqqət etməyi tövsiyə edir: “Gec yatıb, gec oyanmaq iştahaya təsir edən amillərdəndir. 23:00-dan gec olmayaraq yatmağı məsləhət görürəm. Əks halda, hormonal balans pozulur”.