Yararsız ətlərdən hazırlanan kolbasalar bu fəsadları yaradır – RƏY

Kolbasa
0 Shares

Qida sahəsində baş verən neqativ hallar gündən-günə çoxalır. İstehsalçıların bazara təsiri, keyfiyyətsiz məhsulların satışı istehlakçıların həm cibinə, həm də sağlamlığına ciddi ziyan vurur. Azərbaycanda istehlakçılara daha ucuz qiymətə təklif olunan qida məhsullarından biri isə kobasa və sosislərdir. Ətin maya dəyərindən qat-qat ucuz satılan kolbasalar mənşəyi məlum olmayan ətlərdən və digər məhsullardan hazırlanır. Bu sahədəki neqativ hallar barədə çox deyilsə də, vəziyyət əvvəlki kimidir.

Bunu KONKRET.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, “Kolbasa və sosiska məhsulları ilkin vaxtlarda delikates kimi istifadə olunurdu.

Məhsulun 80%-ni isə ət təşkil edirdi. Həmin kolbasalar ev şəraitində hazırlanırdısa, soyuducuda üç gün, buzluq hissəsində isə üç aya qədər saxlamaq müddəti var idi. Onun xarab olmaması, uzunmüddətli qalması və dadlandırmaqdan ötəri ədviyatlardan istifadə olunurdu. Həmin məhsul delikates kimi istifadə edilirdi. Gündəlik qida kimi istifadə olunmurdu. Lakin hazırda satışda olan kolbasaların əksəriyyəti keyfiyyətsiz məslullardır. Həm qiymətinə, eyni zamanda keyfiyyətinə baxdıqda və qida təhlükəsizliyi hərəkatı olaraq bizə gələn şikayətləri gördükdə, aydın olur ki, həmin kolbasaların keyfiyyəti çox aşağıdır və tərkibində ətdən çox az istifadə olunur.

Əksər hallarda həmin kolbasaların hazırlanmasında sadəcə ət deyil, heyvanın digər hissələri, qığırdaqlarından istifadə olunur. Heyvanın daxili orqanları, bir çox hallarda peyini, eyni zamanda sənaye üsulu ilə hazırlandıqda bəzən onun tullantıları təmizlənməmiş, olduğu kimi üyüdülmüş şəkildə istifadə edilir.

Xaricdən gələn kolbasalar var ki, bunlarda da Azərbaycan üçün istehlaka yararsız heyvan ətlərinin qalıqlarından və ya xəstə heyvanların ətindən istifadə olunur. Həddindən artıq yararsız ətdən istifadə olunduğu üçün tərkibinə monosoidum qulitamad da vururlar. Çin duzu kimi tanıdığımız bu maddə, eyni zamanda məhsulu dadlandırır və uzun müddət xarab olmasının qarşısını alır. Kolbasanın və sosiskanın tərkibinə qatılan monosoidum qulitamad asılılıq yaradır, insanlar da davamlı olaraq həmin məhsulu istifadə etmək istəyirlər. Qiymətlərə gəldikdə, ətin 1 kiloqramının 14 manatdan başladığını nəzərə alsaq, deməli, 400 qramlıq kolbasa 6-7 manata satılmalıdır ki, maya dəyərini ödəyə bilsin. Amma biz fərqli mənzərənin şahidi oluruq.

Kiloqramı 2-3 manata təklif edilən kolbasalara rast gəlirik. Bəzən inkişaf etmiş ölkələrdə keyfiyyətli məhsulların istifadə müddətinə az qalmış endirim edirlər ki, bu normal haldır. Lakin keyfiyyətsiz məhsulların endirimdə olması daha çox alıcıları cəlb etmək üçün hiylədir ki, bunlara da aldanmaq olmaz. Eyni zamanda kolbasadan mütəmadi istifadə edən insanlarda ümmun sistemi aşağı düşür, bağırsaqların hərəkətliliyi azalır və müəyyən xəstəliklərə yoluxmaq riskləri çoxalır. Yaxşı olar ki, kolbasadan gündəlik istifadə olunmasın. Xüsusilə də 25 yaşa qədər insanlarda inkişaf prosesi getdiyinə görə həmin məhsullardan, ümumiyyətlə, az istifadə olunması tövsiyə olunur.

Həssas qrupdan olan uşaqlar və yaşlıların, xroniki xəstəlikləri olan insanların da bu qidadan istifadə etməsi qadağandır”.