Sağlam qidalanmanın əsas komponentlərindən biri olan yağlar orqanizmin normal fəaliyyəti üçün mühüm rol oynayır. Lakin son dövrlərdə bazarda keyfiyyətsiz və ucuz yağ məhsullarının artması bu sahədə ciddi narahatlıqlar doğurur. Mütəxəssislər bildirirlər ki, düzgün seçilməyən və yanlış emal olunan yağlar sağlamlığa mənfi təsir göstərə bilər. Bu baxımdan, yağların növləri, keyfiyyəti və orqanizmə təsiri ilə bağlı məsələlər aktuallığını qoruyur və müzakirə olunmağa ehtiyac yaradır.
Məsələylə bağlı Zefer.media – ya açıqlama verən qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova yağda olan vitaminlərin sağlamlıq vəziyyətimiz üçün önəmli olduğunu qeyd edib:
” Yağın tərkibində A, D, E və K vitaminləri mövcuddur ki, bunlar orqanizmin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə hormon balansının tənzimlənməsi, vitaminlərin sorulması, ürək-damar xəstəliklərinin qarşısının alınması, hüceyrə və beyin sağlamlığının qorunması, eləcə də immun sisteminin gücləndirilməsi baxımından yağlar faydalıdır. Həmçinin yağların tərkibində olan omega-3, omega-6 və omega-9 yağ turşuları, xüsusilə bitki mənşəli yağlarda daha çox rast gəlinir.
Bu səbəbdən yağ alarkən və istifadə edərkən keyfiyyətli, mənşəyi məlum olan məhsullara üstünlük verilməlidir. Çünki ucuz yağlarda istifadə olunan xammalın keyfiyyətsiz olması və ya emal prosesinin düzgün aparılmaması orqanizm üçün müxtəlif fəsadlara səbəb ola bilər. Xüsusilə də belə yağların istifadəsi xroniki xəstəlikləri olan insanlarda vəziyyətin kəskinləşməsinə gətirib çıxara bilər. Bundan əlavə, yağların yüksək temperaturda emalı daha zərərli nəticələrə səbəb ola bilər.
Ümumilikdə, emal prosesində yerli və keyfiyyətli xammaldan istifadə olunması daha məqsədəuyğundur. Uzun müddət keyfiyyətsiz və ucuz yağlardan, xüsusilə yüksək dərəcədə doymuş yağlardan istifadə, həmçinin kərə yağı əvəzinə marqarin və spred məhsullarına üstünlük verilməsi ürək-damar sistemində problemlərə və sinir sistemində müəyyən pozuntulara səbəb ola bilər. Bununla yanaşı, diqqət çatışmazlığı, yaddaşın zəifləməsi, damar tıxanıqlığı, çəki artımı və digər sağlamlıq problemləri də yarana bilər. Bu səbəbdən belə yağların davamlı istifadəsi tövsiyə edilmir”.
Mütəxəssis, özəlliklə həssas kateqoriyaya aid olan insanların etibarlı yağlardan istifadəsinin vacibliyini vurğulayıb: “Xüsusilə risk qrupuna daxil olan şəxslər — inkişaf dövründə olan uşaqlar və yeniyetmələr (18 yaşa qədər), yaşlı insanlar, xroniki xəstəlikləri olanlar, həmçinin ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslər keyfiyyətli yağlardan istifadə etməlidirlər. Keyfiyyətsiz yağların istifadəsini azaltmaq və ya tamamilə dayandırmaq daha təhlükəsiz yanaşma hesab olunur. Çünki belə yağlar az miqdarda qəbul edildikdə belə orqanizmə mənfi təsir göstərə bilər.
Sağlam alternativ kimi salatlarda soyuq sıxım zeytun yağından, yeməklərdə isə təmiz günəbaxan və ya zeytun yağından istifadə etmək məqsədəuyğundur. Digər qidalarda isə kərə yağı daha faydalı hesab olunur. Doymamış yağ turşuları ilə zəngin olan hindqozu yağı, qara zirə yağı və soyuq sıxım zeytun yağı da tövsiyə olunan seçimlər sırasındadır. Bu yağlar orqanizmin yağ ehtiyacını qarşılamağa kömək edir”.
Sonda M.Hüseynova sağlamlıq üçün yağın keyfiyyətli olmasının əsas faktorlardan biri olduğunu bildirib : “Gün ərzində təxminən 25 qram keyfiyyətli yağ qəbul edilməsi orqanizmin ehtiyaclarını ödəmək üçün yetərli sayılır. Bu baxımdan, keyfiyyətli yağ seçimi sağlamlığın qorunması üçün mühüm amillərdən biridir”.
- Fidan Abbaszadə






