Xərçəng xəstəliyinə tutulan insanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin hesablamalarına görə, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Mütəxəssislər 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsinin olacağını proqnozlaşdırırlar ki, bu da 2022-ci ilə nisbətən 77% çoxdur. Görəsən xərçəngə yoluxma niyə artır?
Səbəb qidalarda, yoxsa doğru qidalanmamağımızdadır?
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, bu gün dünyada xərçəng xəstəliyinin artmasının bir neçə səbəbləri var: “Bu, əsasən müasir dünyada gedən yüksək sürətli inkişaf və bu inkişafın hər birinin heç də sağlıqlı olmamasıdır. İlk növbədə burada stress faktorunu əsas gətirə bilərik. Çünki sürətlə gedən bu proses insanları daha çox stresə məruz qoyur. Stress isə bütün orqanların funksiyasının pozulmasında əsas rol oynayır. Ona görə də, mütləq şəkildə iradəsi güclü olmayan, psixoloji cəhətdən zəif olan insanlar hər zaman stressi idarə edə bilməklə bağlı peşəkarlardan dəstək almalıdır. Əgər insan stresi normal idarə edə bilmirsə və gündəlik stresə məruz qalırsa, bu, artıq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Digər bir məqam isə təbii ki, qidalarla bağlıdır. Qidaların əksəriyyətinin tərkibindəki kimyəvi qatqı maddələri, asılılıq yaradan maddələr birbaşa olaraq orqanizmdə xərçəng yaranmasına səbəb olur. Bunlar artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiq olunub. Qidaların tərkibindəki qatqı maddələri ilə yanaşı, plastik qablara və polietilen torbalara qoyulması, düzgün şəraitdə saxlanılmaması, yüksək istiliyə və günəş şüalarına məruz qalması məhz bu plastiklərin insan orqanizmində xərçəng yaratmasına səbəb olur. Başqa məqam isə tütün, siqaret, narkotik maddələr kimi zərərli vərdişlərlə bağlıdır. Belə ki, artıq siqaret istehsal olunarkən tərkibinə əvvəllər olduğu kimi sadəcə tütün yox, həm də kimyəvi qatqı maddələri əlavə olunur. Bu isə ağciyər xərçənginə birbaşa səbəb olur.
Bu maddələr qaraciyər və böyrəkdə yığılaraq orqanizmin normal funksiyasını pozur
Digər faktorlar arasında xüsusilə zərərli qidalardan olan “fast-food”lar var. Bu qidalar hazırlanarkən mənşəyi bəlli olmayan ətlərdən, souslardan, dadlandırıcılardan istifadə olunur. Üstəlik, qidaların tərkibinə əlavə olunan sintetik mənşəli, çin duzu kimi tanınan monosodium qlutamat adlı maddə ən çox xərçəngə səbəb olur. Bu duz “fast-food”ların hazırlanmasında, həmçinin bir çox digər restoranlardakı əksər yeməklərin tərkibində istifadə olunur. Xüsusilə gənc yaşlarında belə qidalardan istifadə edən insanlar daha çox risk qrupundadır. Çünki 20-25 yaşadək insanların orqanizmi inkişaf dövründə olduğu üçün sağlam, qida dəyəri olan məhsullar yeməlidir. Ancaq belə məhsullar yedikdə təhlükəli xəstəliklərin yaranmasına şərait yaranır. Qazlı, rəngli içkilərin də bu məsələdə rolu var. Digər məhsullarda olduğu kimi, bunların əksəriyyətinə dadlandırıcı, aromatizator və süni kimyəvi qatqı maddələrindən hazırlanmış rənglər qatılır. Bütün bunların hamısı qaraciyər və böyrəkdə yığılaraq orqanizmin normal funksiyasını pozur. Artıq müəyyən miqdardan sonra orqanizmdə dözümsüzlük, davamsızlıq yaranır ki, bu da birbaşa xəstəliklərə səbəb olur.
Uşaqlar niyə tez-tez xəstələnir?
Uşaqların zəif, xəstəliklərə qarşı çox həssas olmasının əsas səbəbi onların doğulandan sonra ana südü ilə qidalanmaması və immun sisteminin formalaşmamasıdır ki, bu gün sözügedən hal əsas risk faktorlarından birinə çevrilib. Əksər uşaqlara doğulduqdan az bir müddət sonra süni qidalar verilir. Bu da onların orqanizminin normal inkişaf etməməsinin, immun sisteminin möhkəmlənməməsinin əsas səbəblərindən biridir. Qatı qidaya keçdikdə daha çox paketlənmiş və sənaye üsulu ilə hazırlanmışlara üstünlük verirlər ki, bu da onların immun sisteminin zəifləməsinə şərait yaradır. İmmun sistemi zəif olduqda isə uşaqlar bir çox xəstəliklərə asanlıqla yoluxa bilir. Bütün bunlardan uzaq durmaq üçün yaxşı olar ki, günümüzdə inkişaf edən qida çeşidliliyi, ətraf mühitin çirkliliyi və eyni zamanda zərərli vərdişlərin çoxaldığı bir dönəmdə bunlara məntiqli şəkildə baxaraq özümüzü bu təhlükələrdən uzaq tutmalıyıq. Qidalanarkən mütləq şəkildə daha çox sənaye üsulu və emal görməmiş məhsullardan, təbii mövsümü yerli meyvə-tərəvəzlərdən istifadə etməliyik.
Evdə bişəni yeyin, çox gəzin, bol su için…
Həmçinin mümkün qədər evdə və ya mənşəyi bəlli olan yerdə bişirilmiş yeməklərlə qidalanaq. Eyni zamanda, daha çox qızardılmış, qaynadılmış qidalardan da uzaq duraq. Çünki həddindən artıq qızardıqda qidalarda kanserogen maddələr əmələ gəlir ki, bu da birbaşa xərçəngin yaranmasına səbəb olur. Açıq havada olmağa da diqqət etməliyik. Bu, insanda neqativ enerjini azaldır, beynin oksigenlə qidalanmasını təmin edir. Mütləq şəkildə fiziki aktiv olmalıyıq. Çünki mənşəyi bəlli olmayan qidalar sayəsində orqanizmə lazım olduğundan artıq kalori qəbul etmiş oluruq. Bu kalorilər enerjiyə çevrilmədikdə daha çox fəsadlara səbəb olur, piylənməyə, obeziteyə gətirib çıxarır ki, bu da yenə də daxili orqanların xərçəngi ilə nəticələnir. Bunlardan uzaq durmaq üçün mütləq şəkildə sağlam həyat tərzi üsulunu seçmək lazımdır. Zərərli qidaları orqanizmdən uzaq tutmaq, orqanizmin maye balansını təmin etmək üçün isə mütləq gün ərzində ən azı 7-8 stəkan təmiz su qəbul etmək lazımdır”.
~ Abbaszadə Fidan