“Ümumiyyətlə bu gün veqan, vegeterian kimi ifadələr çoxalmaqdadır. Bu ifadələr insanlar arasında qidalanma üsulu və həyat tərzi kimi qəbul edilir”. Bu sözləri açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynov bildirib.
Onun sözlərinə görə, bəzən olur ki, insanlar heyvani məhsullar yəni, süd, ət, hətta dəri geyimlərdən belə imtina edirlər: “Bəziləri isə tamamilə ətdən istifadəni dayandırır digərlərindən isə imtina etmirlər. Bu təbii ki, xəstəlik kimi qəbul olunmur, sadəcə olaraq insanların öz seçimləridir. Dünyaya baxış tərzi nəticəsində formalaşaraq, seçdikləri bir üsuldur. Bu tip insanlar vegeterianlar olaraq qəbul olunur. İlk növbədə sağlam qidalanma kimi görünsə də əslində insan yaşadığı iqlimdən, relyefdən asılı olaraq 8 yaşa qədər olan bir dövrdə orqanizmin formalaşması üçün müəyyən qidaları qəbul etməlidir. Bəzi qidalar var ki, bunlar artıq genetik olaraq formalaşır. Təbi ki, burada xüsusilə ət məhsullarını qeyd etmək lazımdır. Hansı ki, qanda dəmir məhz ət hesabına zənginləşir. Müəyyən yaşdan sonra əgər bundan tamamilə imtina edilirsə və təbii ki, gənc orqanizmdirsə, bu zaman o gənc güclü, enerji dolu dövründədirsə, orqanizm dərhal mənfi reaksiya vermir. Amma uzun müddət ətdən tamamilə imtina edilirsə, bu zaman artıq qan azlığına yol açır. Eyni zamanda saçların kəskin tökülməsi, dırnaqların zəifləməsi, dəridə quruluq kimi görünən əlamətlərlə yanaşı, eyni zamanda qaraciyərin funksiyasında da pozulmalara gətirib çıxarır.
Ümumiyyətlə, sağlamlıq üçün yaxşı olar ki, ilk orqanizm formalaşdığı dövrdən qəbul etdiyi faydalı, mənşəyi bilinən qidalardan imtina edilməsin. Amma kəskin şəkildə bu qidalardan imtina edəcəklərsə, bu zaman da bitki tərkibli, dəmirlə zəngin olan digər qidalardan istifadə edilməlidir. Buna misal olaraq saplaqları qırmızı olan, xüsusilə də çuğunduru rasiondan əskik etmək olmaz. Qoz, badam, fındıq kimi çərəzlərin tərkibində də ətdə olan vitaminlər, minerallar olduğu üçün onları da rasiona əlavə etmək lazımdır. Bunlar hər gün balanslı şəkildə olmalıdır. Çünki orqanizmin düzgün inkişaf etməsi, gündəlik həyati funksiyaların yerinə yetirməsi üçün hər bir insan hər gün 40-dan 70-ə qədər makro və mikro lementləri qəbul etməlidir. Bunlar qəbul olunmadıqda artıq insanlar özlərini pis hiss edəcək və müəyyən xəstəliklərə yol açacaq. Ümumiyyətlə, yaxşı olar ki, çox olmamaq şərtilə həftədə bir-iki dəfə ətdən istifadə edilsin”.
Səbinə Hüseynli