Son illərdə vegetarianlıq və veganlıq yalnız sağlamlıqla və ya heyvan hüquqları ilə bağlı deyil, həm də bir yaşam tərzi və moda axını kimi ortaya çıxmağa başlayıb.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün insanlar bəzən sağlam qidalanma adı altında bəzi qidaları illərlə qəbul edirlər və digərlərini isə tamamilə rasiondan çıxarırlar:
“İstər ət və ət məhsulları, istərsə də şəkər, un və duz kimi məhsullar olsun – əgər insanlar bu və ya digər qida vərdişlərini dəyişmək istəyirlərsə, ilk növbədə orqanizmlərini yaxşı tanımalı və niyə belə bir dəyişikliyə getdiklərini bilməlidirlər. Xüsusilə də gənc yaşlardan vegan və ya vegetarian olan insanlara bu məsələ daha aiddir.
Əgər bir insan 8 yaşına qədər heyvan mənşəli qidalarla qidalanıbsa və sonradan birdəfəlik vegetarianlığa keçibsə, bu keçid ilk vaxtlarda ciddi problem yaratmasa da, zamanla müəyyən sağlamlıq problemlərinə yol aça bilər. Çünki 8 yaşa qədər orqanizmin formalaşma mərhələsi gedir və bu proses 20-25 yaşa qədər davam edir.
Ətin tərkibindəki minerallar, makro və mikroelementlər, eləcə də zülallar orqanizm tərəfindən tanındığı üçün bu qidaların sonrakı dövrlərdə də qəbul edilməsi sağlamlıq baxımından faydalıdır. Əgər insan bu qidalardan imtina edirsə, o zaman rasionunu balanslı şəkildə qurmalıdır. Hansı maddəni rasiondan çıxarırsa, onun yerini tutacaq digər alternativləri və ya qida əlavələrini bilməli və onlardan istifadə etməlidir. Əks halda, bir müddət sonra vitamin və mineral çatışmazlığı, daxili orqanların funksional pozğunluğu və digər sağlamlıq problemləri ortaya çıxa bilər.
Bəzən insanlar daha az kalorili qidalanmaq və çəki azaltmaq məqsədilə də bu addımı atırlar. Lakin bu zaman da monoton və balanssız qidalanma orqanizmə mənfi təsir göstərə bilər.
Sağlamlığını düşünən hər bir insan yaşadığı coğrafi mövqeyə uyğun olaraq heyvan mənşəli qidaları da seçərək, onların sağlam, keyfiyyətli və mənşəyi məlum olanlarını qəbul etməlidir. Əsas məsələ həmin qidaları düzgün miqdarda və düzgün formada istehlak etməkdir”.
- Abbaszadə Fidan