Vətəndaşların diqqətinə: Bu çayları içməyin – Qorxunc bakteriya var

0 Shares

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Türkiyədən idxal edilən, “Minceur Form Tea” (nar çiçəkli) əmtəə nişanlı bitki çaylarında E.coli bakteriyası aşkarlaması əksəriyyətdə narahatlıq yaradıb. Hazırda bir çox insan sağlam qida adı ilə paketlənmiş bitki çayları tükədir. Amma bu içkilərin zərərli ola biləcəyi ilə bağlı fikirlər gündəm olub.

Reallıq nədir? Bitki çayları həqiqətən zərərlidirmi?

Globalinfo.az-a danışan qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib ki, bitki çaylarında E.coli bakteriyasının aşkarlanması qida məhsullarının təhlükəli olmasının göstəricisidir:

“Ola bilsin ki, bitki çayının hazırlanma, saxlama, emal prosesində sanitar-gigiyena qaydalarına düzgün əməl olunmayıb. Eyni zamanda mümkündür ki, həmin bitkinin yetişdirilməsində keyfiyyətli sulardan istifadə edilməyib. Bunlara diqqət edilmədikdə E.coli bakteriyasının olması qaçılmazdır. Bu bakteriyanın aşkarlandığı hər hansı qida və ya çayı istifadə etdikdə sağlamlıq üçün ciddi fəsadlar törədə bilər. Çox miqdarda qəbul olunarsa, zəhərləmə də mümkündür”.

Ekspert bildirib ki, immunitet sistemi güclü olan insanlar belə bakteriyalı məhsullardan az miqdarda qəbul edəndə mədə-bağırsaq sistemi pozula, infeksiyaya yol aça bilər:

“Həmçinin sözügedən bakteriyaya görə qarın nahiyəsində ağrı, ishal, qusma, yüksək temperatur, görmənin itməsi və sair əlamətlər ortaya çıxır. Kəskin hallarda isə bağırsaq qanamaları, çatlamalarına səbəb olur. Paketlənmiş çayların bir çoxunda bitki mənşəli yazsalar da, bu, heç də onun hər zaman təbii olması demək deyil. Onların hazırlanma prosesində uzun müddət qalması və bu bitkinin yetişdirilməsində kimyəvi maddələrdən, pestisidlərdən istifadə olunması təbii olmadığını göstərir. Çayların paketlərində mikro-plastik hissəciklər də qaynar su ilə reaksiyaya getdikdə içkinin tərkibinə keçir. Bu da insan orqanizmində plastik kütlələrin, mikro hissəciklərin yığılıb qalmasına şərait yaradır, hüceyrə inkişafına mane olur”.

Mütəxəssis bəzi insanlarda allergik reaksiyaların müşahidə olunduğunu da qeyd edib:

“Dəridə qızartılar, səpkilər, qaşıntılar yaxud üz nahiyəsində şişkinliklər də baş verə bilir. Bu çayları rütubətli yerlərdə saxladıqda, bitkilərin quruldulma prosesi düzgün olmayanda onun mikrobial çirklənmə riski çox olur və bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Paketlənmiş çay almaqdansa, yaxşı olar ki, təbii çaylara üstünlük versinlər. Bu kimi çayları alacaqlarsa, mütləq etibarlı, istehsalçı şirkəti bəlli olan markaların məhsullarına istinad etsinlər. Xüsusilə tərkibi, hazırlanma prosesi, organik sertifikatının olması ilə bağlı məlumatlara baxsınlar. Çayların quru, qaranlıq yerdə saxlanılması, qablaşması da önəmlidir”.

  • Hüseynli Nərgiz