24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır. O, uşaqların sağlam qidalanması üçün diqqət etməli olduğumuz məqamlardan danışıb.
– Kiçik yaşlı uşaqların sağlam qidalanması üçün nələrə diqqət yetirilməlidir?
Ümumiyyətlə, bir insan orqanizminin doğru şəkildə formalaşması və inkişaf etməsi üçün hamiləlik dönəmindən 70 gün öncə valideynlərin yediyi qidaların uşağın dünyaya gəlməsində çox böyük rolu var. Bundan başqa, dünyaya gələn gündən 8 yaşa qədər uşaqların formalaşması və 25 yaşa qədər isə orqanizmin hər saniyə inkişaf etdiyi bir prosesdir. Belə prosesin doğru, sağlam şəkildə həyata keçməsi üçün yaxşı olar ki, bir insan gün ərzində 40-dan 70-ə qədər makro və mikro element qəbul edəcək şəkildə qidaları qəbul etsin. Və təbii ki, belə olan halda mütləq şəkildə, birinci növbədə, diqqət edəcəkləri məqam qidaların çox çeşidli və menyular şəkilində tərtib olunması, gündəlik monoton qidalardan istifadə olunmaması, xüsusilə, uşaqların, məktəblilərin, azyaşlıların paketlənmiş qidalardan, çipsidən, suxaridən, şokolad, peçenye, vafli digər bu kimi emal olunmuş undan və rafinə olunmuş şəkərdən hazırlanan şirniyyatlardan mümkün qədər uzaq durması tövsiyə olunur. Çünki həmin qidalar uzun müddət rəf ömrünü saxlaması üçün və biznes maraqları çərçivəsində daha çox qalması, xarab olmaması, rənginin, strukturunun, quruluşunun dəyişməməsi üçün tərkibində kifayət qədər kimyəvi qatqı maddələri olan emulkator, stabilizator, aromatizator bu kimi maddələrdən istifadə edirlər və eyni zamanda, insanlarda asılılıq yaratmaq, həmin məhsullardan asılılığın təmin olunması, davamlı həmin məhsullara təlabatın olması üçün sintetik mənşəli monosodiumqlutomatdan və monopotasiumqlutomatdan istifadə edirlər ki, bu məhz qazlı, rəngli, şirəli içkilərin tərkibində də var. Məhz bu maddələrin hesabına insanda, xüsusilə də, azyaşlılarda mərkəzi beyin sisteminin inkişafı demək olar ki, ləngiyir və həmin uşaqlarda hiperaktivlik, diqqət əskikliyi, yuxusuzluq, depresiyaya meyillilik və eyni zamanda, öz yaşıdlarından inkişafda geri qalma müşahidə olunur. Həmin maddələrin hesabına ağızda olan normal dad reseptorları pozulur ki, belə olan halda da həmin qidalarla qidalanan uşaqlar ənənəvi, təbii faydalı qidalardan istifadə etmirlər. Yaxşı olar ki, bunlardan, ümumiyyətlə, istifadə etməsinlər və yaxud da çox az bir miqdarda, uzun müddətdən bir fasilə verərək istifadə etsinlər. Çünki bu gün məclislərimizdə, ad günü və yaxud hansısa bir məktəb bufetlərində həmin qidalar satılır və bu qidalardan istifadə bəzən qaçılmaz olur. Gündəlik qidalanmada səhər yeməyinin önəmi çox vacibdir. Səhər yeməyində daha çox yumurta, süd məhsullarından pendir, yağ və s. bu kimi qidalara üstünlük versinlər, mütləq şəkildə mövsümi meyvə, tərəvəzlərdən istifadə etsinlər. Gün ərzində 2-3 meyvə 4-5 tərəvəzin qəbulu vacib hesab olunur və eyni zamanda da, ətdən, balıqdan, toyuqdan istifadə etsinlər. Hər birindən həftənin iki günündə istifadə edə bilərlər və bir qida qəbulunda yaxşı olar ki, 2 fərqli heyvan ətindən istifadə etməsinlər. Belə olan halda həzm prosesi zəifləyir, qəbul olunan qidalar doğru şəkildə həzm olunmur, eyni zamanda da balıq, dəniz məhsulları omeqa 3, yağ turşuları, D vitamini ilə zəngindir ki, bu da uşaqların inkişafında çox böyük rol oynayır.
Digər bir məqam isə su içmək vərdişidir ki, uşaqlarda bunu elə aşağı yaşlardan formalaşdırmaq lazımdır, xüsusilə hər kiloqram bədən çəkisinə görə 30 ml su qəbul etmək normal hesab olunur. Əgər yay mövsümüdürsə, və yaxud idmanla məşğul olursunuzsa, bu miqdarı 1-2 fincan şəkilində artıra bilərsiniz. Qidaların qəbulu ilə yanaşı, mütləq şəkildə yuxu rejimi, fiziki aktivlik də çox önəmlidir ki, bunlara da diqqət etmək lazımdır. İnkişafda olan orqanizmin saat 10-11-dən sonra oyaq qalması onun birbaşa olaraq inkişafında geriləmələrə səbəb olur ki, bu da ən önəmli məsələlərdən biridir.
~ Abbaszadə Fidan