Uşaqlara bal verilməsi məsləhətdir? 

Bal
0 Shares

“Uşaqlarda ana südündən əlavə qida 4-6-cı aylar arası məsləhət görülür. Bu zaman onların nə qədər günlük süd aldığını bilməliyik, çünki təxminən 600 qrama yaxın süd alınmalıdır. Amma bu yenə də hər uşağa görə fərqli ola bilər. Əgər uşaq tamamilə ana südü ilə qidalanırsa, artıq altıncı aydan başlayaraq, əlavə qidalara keçmək olar. Lakin süni qida ilə qidalanan uşaqlarda əlavə qidaya dördüncü aydan sonra keçilməlidir”.
Uşaqlara bal verilməsi məsləhətdir? – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova açıqladı.
Onun sözlərinə görə, əlavə qidaya keçərkən, mütləq şəkildə meyvə şirələrindən başlamaq lazımdır: “Hətta bu hər uşağın çəkisinə görə bir damcı şəklində artırılaraq verilməlidir. Əgər əlavə qida veriləcəksə, həmin gün yalnız bir çeşid qida vermək lazımdır. Bu uşağın qəbul etdiyi qidaya allergiyasının olub-olmadığını bilmək üçün əhəmiyyətlidir.

Uşaqlara tərəvəzlər qaynadılmış və ya buxarda bişirilmiş şəkildə verilməli, qətiyyən yağ, duz və ya əlavə ədviyyatdan istifadə edilməməlidir. Bu məqamlara diqqət etmək həzm prosesində problem olmasının qarşısını alır.

İlk olaraq başlanılan meyvələr sırasında alma, armud və şaftalını qeyd etmək olar. Bəzən mövsümünə görə, ərik vermək də uyğundur. Analar adətən bu cür meyvələri “blender”dən keçirərək verirlər. Hansı ki, bu gələcəkdə uşağın çeynəmə qabiliyyətinin olmaması ilə nəticələnir. Buna görə də meyvələri rəndələyərək vermək daha məqsədə uyğundur.

Meyvə və tərəvəzləri ev üsulu ilə hazırlanmış az miqdarda qatığa əlavə edərək də vermək olar. Bu həm həzm sisteminin yaxşılaşmasına kömək edəcək, həm də kalsium baxımından günlük ehtiyacın alınmasına səbəb olacaq.

Əlavə qidaya keçmiş uşaqların yeməklərinə duz, istiot əlavə edilməməlidir. Bir yaşına qədər uşaqlar bal və çay verilməsi məsləhət görülmür. Eyni zamanda yumurtanın ağı da verilməməlidir. İnək südünün verilməsi də bəzən müəyyən problemlərə yol aça bilir”.