Uşaq qidalarının bahalığının artma səbəbləri: Tələbat və Təhlükəsizlik – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

Son dövrlərdə gənc analar arasında uşaqlarını ana südü ilə qidalandırmaq tamamilə azalıb. Eyni zamanda ana südü ilə qidalandırılmadığı üçün və daha sonra əlavə qidaya keçdikdə, hazır sıyıqlardan və hazır meyvə pürelərindən istifadə uşaq qidalarına tələbatı daha da çoxaldıb. Belə tələbat çox olan zaman da qiymət artımı süni şəkildə tələbata uyğun olaraq artırılır. 

Mövzu ilə bağlı “informator.az”a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, uşaq qidalarının qiymətləri daha çox istehlakçıların tələbatının artması və bəzən də xammalın qiymətlərinin yüksəlməsi səbəbindən qalxır:

“Həmçinin son dövrlərdə uşaq qidalarının tərkibində istifadə olunan əsas xammallar var ki, bunlar süd, quru süd, taxıl, paxlalılar, meyvə-tərəvəz və digər istifadə olunan köməkçi ingredientlərdir ki, onların qiymətində olan artımlar da uşaq qidalarının qiymətlərinin artmasına gətirib çıxarır. Eləcə də bu məhsulların yerli istehsalı olmadığına görə xaricdən gətirildiyi üçün burada nəqliyyat xərci, gömrük xərcləri və vergi rüsumları da qiymətin artmasına səbəb olur. Həmçinin bu məhsulların vergiyə cəlb olunması, gömrük rüsumlarının digər qidalardan fərqli olması və xüsusilə də qidalara Əlavə Dəyər Vergisi (ƏDV) tətbiq olunması məhsul qiymətinin artmasının digər səbəbidir. Konkret olaraq məbləğləri göstərmək nə qədər qeyri-real olsa da hər bir məhsula görə fərqli gömrük rüsumu və vergi qiymətləri təyin olunur”.

Bu qidaların təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər həyata keçirilir?

“Təhlükəsizliyini təmin etmək üçün birinci növbədə Azərbaycana daxil olan, Sərhəd Buraxılış Məntəqəsində gömrükdən keçən bütün qidalar qida təhlükəsizliyi qaydalarına uyğun olub-olmaması ilə bağlı aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Analizlər götürülür, monitorinqlər aparılır, keyfiyyət və təhlükəsizlik sertifikatlarının olub-olmaması araşdırılır. Qidanın tərkibində və paketlənməsində insan sağlamlığına zərər vuran heç bir maddənin olub-olmaması ilə bağlı araşdırmalar aparılır. Eləcə də uşaq qidalarının tərkibində olan konsilantların və digər kimyəvi maddələrinin icazə verilən normalara uyğun şəkildə olması araşdırılır”.

Məhsəti Hüseynova qeyd edib ki, digər bir məqam isə etiketlənmədir:

“Artıq son illərdə qanunvericilikdə olan dəyişikliklərə əsasən, uşaq qidalarının tərkibi, istehsalçı məlumatları, istehsal tarixi, son istifadə müddəti və saxlama şəraiti haqqında ətraflı məlumat verilməlidir. Bu məlumatlar Azərbaycan dilində göstərilməlidir ki, hər bir istehlakçı tərəfindən asan əldə oluna və oxuna bilsin. Məhsulu aldıqdan sonra da doğru şəkildə saxlanması və istifadəsi təmin olunsun.

Gömrükdə nəzarət olunarkən hər bir qida məhsulunun özünə uyğun şəkildə qida zəncirinin qırılmamalı və bu prinsiplərə əməl olunaraq keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edilərək saxlanmalıdır. Həmçinin uşaq qidalarını istehsal edən müəssisələr də keyfiyyətə nəzarət edən və bu məhsulların keyfiyyət sertifikatlarının düzgün şəkildə olmasına dair məlumatlara sahib olmalıdır. Satış nöqtələrində də bu qaydalar uyğun şəkildə həyata keçirilməlidir. Mənşəyi bəlli olan, etibarlı mənbələrdən alınan məhsullarda təhlükəsizlik qaydalarına əməl olunması monitorinqlərin nəticəsidir ki, hər hansı bir problemlə üzləşilmir”.

  • Abbaszadə Fidan