0 Shares

Youtube’da yayılan bir videoda unun tərkibində əhəng olduğu iddia edilib. Hərçənd bir çox hallarda un məhsulları ilə bağlı problem aşkarlanıb. Ancaq əhəng kimi bir maddənin unun tərkibinə qarışması olduqca narahatedicidir, çünki istehlakçı bunu ayıra bilməz. 

Məsələ ilə bağlı qida məsələləri üzrə ekspert Məhsəti Hüseynova Redaktor.az-a açıqlamasında bildirdi ki, hər hansısa laboratoriya analizi olmadığı halda yoxlanılan üsulların yüz faizlik nəticə verdiyini demək mümkün deyil.

Ekspert qeyd etdi ki, istənilən məhsulu alarkən onun mənşəyinin bəlli olmasına diqqət yetirilməlidir:

“Eyni zamanda məhsulun üzərində əmtəə nişanı, tərkibi, qidalılıq dəyəri, saxlama şəraiti və istehsalçı şirkət haqqında məlumatlar tam şəkildə əks olunmalıdır. Bununla yanaşı, məhsulla və ya istehsalçı şirkətlə bağlı hər hansısa xoşagəlməz hal olduğu zaman əlaqə saxlamaq üçün ünvan, email və telefon nömrələri qeyd olunmalıdır. Həmçinin istehlakçılar məhsul alarkən onun paketinin zədələnmədiyinə əmin olmalıdırlar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da həmin video ilə bağlı fikirlərini bölüşdü.

Onun sözlərinə görə, unun tərkibinə əhəngin qarışdırılması istisna olunur:

“Çünki ərzaq mallarının hamısı Qida Təhlükəsizliyi Agentliyinin ciddi nəzarəti altındadır. Düzdür, mənə illər boyu məlumat gəlir ki, una hər hansısa başqa bir ağ maddə qarışdırılır, hətta onun İrandan gətirildiyini iddia edirlər. Bu, ola bilər ki, unun yapışqanlığını artırmaq üçün hansısa bir maddədir. Ancaq əhəng isə insan orqanizmi üçün arzuolunmaz komponentdir və bu, una qarışdırıla bilməz”.

  • Hüseynli Nərgiz