Bazarda geniş yayılmış ucuz yağlar gündəlik qida rasionunda tez-tez istifadə olunur. Lakin bu yağların tərkibi, keyfiyyəti və emal üsulları insan orqanizminə təsir göstərə bilər.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, ucuz və keyfiyyətsiz yağlar ciddi sağlamlıq riskləri yaradır:
“Yağın tərkibində A, D, E, K vitaminləri var. Bunlar orqanizmin sağlamlığı üçün çox faydalıdır. Xüsusilə, hormon balansının düzgün işləməsi üçün, vitaminlərin sorulması üçün, ürək-damar xəstəliklərinin qarşısının alınmasında, hüceyrə və beyin sağlamlığında, eləcə də, immunitetin güclü olması üçün çox faydalıdır. Onların tərkibində omega 3, omega 6, omega 9 yağları var. Bunlar da xüsusilə, bitki yağlarının tərkibində daha çox olur. Ona görə, ümumiyyətlə, yağ istifadə edərkən, alarkən keyfiyyətli, mənşəyi bəlli olan yerdən almaq lazımdır. Çünki ucuz yağlarda keyfiyyətsiz xammal, eləcə də, emal üsulları doğru olmadıqda, orqanizm üçün bir çox fəsadlar törədə bilər. Xüsusilə də, ucuz yağlar bəzən xroniki xəstəlikləri olan insanlarda xəstəliyin kəskinləşməsinə də gətirib çıxara bilər. Yüksək temperaturda emal olunursa, bu zaman daha zərərli olar. Emal prosesində, yaxşı olar ki, keyfiyyətli xammaldan istifadə olunsun. Uzun müddət ucuz, keyfiyyətsiz yağlardan, xüsusilə yüksək doymuş yağlardan ibarət yağlar və yaxud kərə yağı yerinə daha çox marqarin, spred istifadə edən insanlarda ürək-damar sistemində problemlər, sinir sistemində pozulmalar baş verir. Eləcə də, diqqət əksikliyi, yaddaş zəifləməsi, damar tıxanıqlığı, çəki artımı və digər problemlər yaranır. Ona görə, davamlı olaraq ucuz yağlardan istifadə olunması tövsiyyə olunmur”.
Ekspert qeyd edib ki, düzgün yağ seçimi uzunmüddətli sağlam həyat üçün vacibdir:
“Hər zaman xüsusi risk qrupunda olan insanlar, aşağı yaşlı, inkişaf dövründə olan insanlar, xroniki xəstəliyi olan insanlar və ürək, qaraciyər xəstəliyi olan insanlar mütləq keyfiyyətli yağdan istifadə etməlidir. Ucuz yağlardan istifadəni onun miqdarını azaltmaqla və ya heç istifadə etməməklə təhlükəsiz etmək olar. Düzdür, əgər, keyfiyyətsizdirsə, zərərlidirsə, onun miqdarının az olması belə orqanizmə öz mənfi təsirini göstərəcək. Ona görə, mütləq sağlam alternativlər olaraq, salatlarda soyuq sıxım zeytun yağları, yeməklərdə isə təmiz günəbaxan yağı, təmiz zeytun yağından istifadə etmək olar. Digər qidalarda isə kərə yağı daha faydalıdır. Doymamış yağ turşuları olan yağlar üçün də hind qozu yağı, qara zirə yağı, soyuq sıxım zeytun yağları tövsiyyə olunandır. Bunlardan da istifadə orqanizmdə yağ ehtiyatını, ehtiyacını ödəyə bilər. Gün ərzində 25 qram keyfiyyətli yağ qəbul etmək orqanizmin ehtiyacını ödəməyə yetərlidir. Ona görə, keyfiyyətli yağdan almaq sağlamlıq üçün daha faydalı hesab oluna bilər”.
- Fidan Abbaszadə






