Çərəzlər sağlam qidalanmanın əsas hissəsi hesab olunsa da, onları alarkən bəzi vacib məqamlara diqqət yetirmək lazımdır. Əks halda, bu məhsullar fayda vermək əvəzinə sağlamlığa zərər verə bilər. Çünki bəzi hallarda vaxtı keçmiş və ya keyfiyyəti aşağı olan çərəzlər qovrularaq, duz və müxtəlif ədviyyatlar əlavə edilərək yenidən satışa çıxarılır. Bu isə onların tərkibindəki zərərli maddələri aradan qaldırmır.
Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a danışıb.
“Bəzən məhsulların görünüşü süni şəkildə dəyişdirilərək daha cəlbedici hala salınır. Buna görə də xammalın keyfiyyəti əsas meyarlardan biri hesab olunur. Ən yaxşı seçim çərəzləri qabıqlı şəkildə almaqdır. Bu halda məhsulun təbii xüsusiyyətləri daha yaxşı qorunur və onun faydasından maksimum istifadə etmək mümkün olur. Çərəz alarkən onların iri, bütöv, dənələri aydın seçilən və az zədələnmiş olmasına diqqət edilməlidir. Rəngi isə təbii və məhsula xas olmalıdır. Yeni yığım məhsulu olması da keyfiyyət göstəricisidir. Qırıq, xırda və qarışıq məhsullar isə adətən daha aşağı keyfiyyətli olur və onlardan uzaq durmaq tövsiyə edilir”,-ekspert bildirib.
Məhsəti Hüseynovanın sözlərinə görə, qovrulma prosesi də mühüm rol oynayır. Düzgün temperaturda qovrulmayan çərəzlərdə vitaminlər məhv ola bilər və məhsulda acı dad yarana bilər. Xüsusilə yüksək temperaturda qovrulmuş məhsulların dadı və keyfiyyəti aşağı düşür. Eyni zamanda, həddindən artıq duz və əlavə qatqılar da sağlamlıq üçün arzuolunan deyil.
“Qablaşdırılmış məhsullar alarkən onların istehsal tarixi, son istifadə müddəti və saxlanma şəraiti mütləq yoxlanmalıdır. Xüsusilə açıq şəkildə satılan çərəzlərin yuyulması məsləhətlidir. Nəzərə almaq lazımdır ki, məhsulun bahalı olması da onun mütləq keyfiyyətli olduğu anlamına gəlmir. Bəzi hallarda brend adı qiymətin süni şəkildə artırılmasına səbəb olur. Bu baxımdan istehlakçılar əsasən təzə, təmiz və az emal olunmuş məhsullara üstünlük verməlidirlər”,-M.Hüseynova əlavə edib.
- Fidan Abbaszadə





