Azərbaycan Milli Kulinariya Assosiyasının 40 illik yubileyi çərçivəsində “Azərbaycan Milli Kulinariya Assosiyası” İctimai Birliyinin təşəbbüsü ilə “Təhsil alan gənc kulinarların VI Respublika Çempionatı” təşkil olunub.
Çempionat Qida Təhlükəsizliyi Hərəkatı, “Peşəkar Qənnadçılar” İctimai Birliyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı, “Mübarizlər” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.
Tədbirin əsas məqsədi peşə təhsili alan gənclərin peşə bacarıqlarının nümayiş etdirilməsi, milli kulinariya irsinin qorunması və təbliği, gənc kulinarlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, həmçinin qida təhlükəsizliyi prinsiplərinin təşviqindən ibarət olub.
Çempionatda ölkənin müxtəlif regionlarını təmsil edən 14 peşə təhsili müəssisəsinin komandaları iştirak edib. Gənc kulinarlar hazırladıqları məhsulları münsiflər heyətinə təqdim edərək texniki icra, yaradıcılıq, təqdimat və sanitar-gigiyenik normalara uyğunluq meyarları əsasında qiymətləndirilib.
Yarışın yekununda iştirakçılar müxtəlif nominasiyalar üzrə diplom və mükafatlarla təltif olunub, bütün komandaların zəhməti və yaradıcı yanaşması yüksək qiymətləndirilib. Tədbir gənclərin peşəkar inkişafına töhfə verməklə yanaşı, kulinariya sahəsində gələcək kadr potensialının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayıb.





















