“Toylarda kütləvi zəhərlənmələrin əsas səbəbi qidaların məclis sahibi tərəfindən qida təhlükəsizliyi qaydalarına əməl etmədən hazırlanmasıdır” – Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

Son günlər Azərbaycanda bəzi rayon və şəhərlərdə toy mərasimlərində kütləvi zəhərlənmə halları artıb. Bu hadisələr ictimaiyyətdə narahatlıq yaradıb. 

Toylarda zəhərlənmənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Patrulaz.az-a açıqlamasında bildirib ki, toylarda kütləvi zəhərlənmə halları əsasən şəhərdən kənarda, icarəyə götürülmüş məkanlarda, qidaların məclis sahibi tərəfindən hazırlanıb paylanması zamanı baş verir:

“Toylarda kütləvi zəhərlənmənin baş verməsində əsas səbəblərdən biri, xüsusilə də bu halların daha çox rayonlarda, paytaxtdan kənarda olması və belə yerlərdə daha çox məkanın icarəyə götürülüb qidaların məclis sahibi tərəfindən hazırlanıb paylanmasıdır. Bu məhsullar hazırlanarkən bir çox hallarda qida təhlükəsizliyi qaydalarına, sanitar-gigiyena normalarına əməl olunmaması, eyni zamanda saxlama şəraitinin uyğun olmaması, qidaların çoxluğu səbəbindən yüksək risk qrupuna aid olan məhsulların soyuducuda saxlanmalı olduğu halda saxlanılmaması bu hallara gətirib çıxarır. Bu xüsusilə də salatlarda özünü göstərir, çünki bişmiş ətlə tərəvəzlərin, mayonezlə hazırlanmış yüksək risk qrupuna aid olan qidaların bir gün, iki gün əvvəldən hazırlanaraq uzun müddət soyuducudan kənarda saxlanılması məhsulun tərkibinin pozulmasına, nəticədə xarab olmasına səbəb olur”.

M.Hüseynova qida hazırlanarkən sanitar-gigiyena qaydalarına əməl olunmaması və sertifikatsız ev şəraitində hazırlanan məhsullar zəhərlənməyə səbəb ola biləcəyini vurğulayıb:

“Eyni zamanda qida məhsullarını hazırlayarkən bəzən sanitar-gigiyena qaydalarına əməl olunmaması, hazırlayan şəxsin əllərini düzgün şəkildə yumaması, çiy məhsulla bişmiş məhsulu eyni doğrama lövhəsində doğraması, eyni bıçaqlardan istifadə etməsi də təhlükə yaradır. Xüsusilə də tərəvəzlərin təmiz şəkildə yuyulmamasından qaynaqlanan hallar ola bilər. Ona görə mütləq şəkildə bu kimi məclislər keçiriləcəksə, həmin qaydalara əməl olunmalıdır.

Eyni zamanda ev şəraitində hazırlanan keyfiyyət sertifikatı olmayan turşular, konservləşdirilmiş məhsullar, kompotlar da bəzən zəhərlənməyə səbəb olur. Buna görə bu qidalara diqqət yetirmək lazımdır. Həmçinin, mənşəyi bəlli olmayan qida məhsullarının təqdim olunduğu məclislərdə immunitet sistemi zəif olan insanlar, xroniki xəstəlikləri olanlar, azyaşlılar və hamilə qadınlar daha həssas qrup olduqları üçün mənşəyi bəlli olmayan qidalardan istifadə etməməlidirlər”.

Nəticə olaraq, toy və digər kütləvi məclislərdə zəhərlənmələrin qarşısını almaq üçün qida təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalı, sanitar-gigiyena normaları qorunmalı, yüksək risk qrupuna aid məhsullar düzgün şəraitdə saxlanmalı və yalnız keyfiyyəti təsdiqlənmiş qidaların istifadəsinə üstünlük verilməlidir.

  • Abbaszadə Fidan