0 Shares

Yay mövsümü istirahət və bayramların bol olduğu fəsil olsa da, eyni zamanda qida zəhərlənmələrinin ən çox baş verdiyi dövrdür. Xüsusilə kütləvi tədbirlər – toylar, məclislər, restoranlarda təşkil olunan mərasimlər – insan sağlamlığı üçün görünməyən təhlükələr daşıyır. Mütəxəssislərin fikrincə, əsas səbəb gigiyena qaydalarına əməl olunmaması, temperatur rejiminin pozulması və yüksək risk qrupuna daxil olan qidaların düzgün saxlanılmamasıdır. Aşağıda isə yay aylarında qarşılaşdığımız qida zəhərlənmələrinin səbəbləri və onlardan qorunma yolları barədə ekspertlərin fikirlərini aldıq.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova:

-Yay aylarında zəhərlənmə halları digər fəsillərlə müqayisədə daha çox olur. Xüsusilə də kütləvi qidalanma yerlərində, toy və digər məclislərdə, restoranlarda bu hallar tez-tez müşahidə edilir. Səbəblərdən biri odur ki, isti hava şəraitində soyuducuda saxlanılmalı olan, yüksək risk qrupuna aid qidalar bəzən açıq havada qalır və nəticədə onların tərkibi pozularaq kimyəvi və bioloji dəyişikliklərə məruz qalır. Bu da zəhərlənmə ilə nəticələnə bilər.

Yüksək risk qrupuna daxil olan qidalar sırasında mayonezli salatlar xüsusilə qeyd edilməlidir. Bu salatların tərkibində həm bişmiş tərəvəzlər, həm də zülal tərkibli ət məhsulları və mayonez olur. Belə salatlar saatlarla açıq havada qaldıqda insan orqanizmi üçün təhlükəli hala gəlir. Ona görə də yay aylarında bu cür qidaların qəbulundan mümkün qədər uzaq durmaq tövsiyə olunur. Ən yaxşısı, bu tip qidalar süfrəyə verilən anda qarışdırılsın və dərhal istehlak edilsin.

Məclislərdə isə çox vaxt bu salatlar bir neçə saat əvvəldən hazırlanaraq süfrəyə düzülür. Bu isə onların xarab olmasına səbəb olur. Bəzən istifadə edilən mayonezlərin üzərində “3-6 ay istifadə müddəti” yazılsa da, böyük qablaşdırmada olduqları üçün açıldıqdan sonra uzun müddət istifadəsi zəhərlənmə riskini artırır.

Həmçinin müxtəlif yeməklərin bir yerdə qəbul edilməsi, uyğun olmayan ərzaqların birlikdə yeyilməsi də həzm sistemində problemlərə yol açır. Qızartmalardan, bir neçə növ ətin eyni anda qəbulundan da uzaq durmaq məsləhətdir. Çünki bu da maddələr mübadiləsini zəiflədir. Ət yeməkləri, xüsusilə də əvvəlcədən hazırlanmış və təkrar qızdırılmış yeməklər immun sistemi zəif olan, yaşlı, azyaşlı və xroniki xəstəliyi olan insanlar üçün ciddi fəsadlara səbəb ola bilər.

Qidalanma zamanı yağlı, qızardılmış yeməklərdən, dəfələrlə istifadə olunmuş yağlardan və süni dadlandırıcılardan da uzaq durmaq lazımdır. Çünki bu qidalar bağırsaq mikroflorasını pozur, immun sistemini zəiflədir və həzm pozğunluqlarına səbəb olur. Mədə turşuluğunun artması, qaz, köp, qəbizlik və ya ishal da bu halların nəticəsidir.

Xüsusilə də səhər acqarına və axşam yatmazdan əvvəl kofeinli içkilərin, qazlı suların qəbulu mədə üçün zərərlidir. Eyni zamanda süni şirinləşdiricilər, çox ədviyyatlı və turş qidalar da mədəyə mənfi təsir göstərir. Bu hallarda qastrit və digər mədə xəstəlikləri olan insanlarda vəziyyət daha da ağırlaşır.

Belə qidalarla birlikdə qazlı, rəngli içkilərin qəbul edilməsi vəziyyəti daha da ağırlaşdırır. Çünki bu içkilərdəki kimyəvi qatqı maddələri də orqanizm üçün təhlükəlidir. Toylardan sonra bir çox insanın mədəsində ağırlıq, şişkinlik, qarın ağrısı kimi simptomlarla qarşılaşması da məhz bu səbəblərdəndir.

Laktoza həssaslığı olan şəxslər də süd məhsullarından istifadə edərkən diqqətli olmalıdır. Bu insanlar üçün süd və süd məhsulları köp, qarın ağrısı və digər narahatlıqlara səbəb ola bilər. Eyni zamanda çiy tərəvəzlər və paxlalıların da düzgün yuyulmadan və ya bişirilmədən qəbulu problemlərə gətirib çıxara bilər.

Nəticə etibarilə, yay mövsümündə qidaların mənşəyi, bişirilmə və saxlanma şəraiti, qəbulu zamanı temperatur rejimi, təmizliyi və təzəliyi ən vacib məsələlərdəndir. Bu qaydalara əməl etməklə zəhərlənmələrin və digər həzm sistemi problemlərinin qarşısını almaq mümkündür.

  • Hüseynli Nərgiz