Son dövrlər marketlərdə əvvəlcədən doğranmış, qablaşdırılmış meyvə və tərəvəzlərə daha çox rast gəlinir. Bir çox alıcı bu məhsulları rahatlıq baxımından üstün tutur – həm vaxt qazandırır, həm də istifadəyə hazır olur. Xüsusilə işləyən insanlar və ya tək yaşayan şəxslər üçün bu cür məhsullar cazibədar görünür. Lakin mütəxəssislər bu praktikanın arxasında bəzi ciddi sağlamlıq risklərinin dayandığını bildirirlər.
Bu cür məhsullar hansı təhlükələri vəd edir?
Globalinfo.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, marketlərdə həmçinin, meyvə və tərəvəzlərdən hazırlanan yüngül salatlar da satışa çıxarılır:
“Belə doğranılmış, yaxud yarıbişirilmiş meyvə-tərəvəzlərin satılması, bəzən vaxta qənaətdə insanlar üçün əlverişli olsa da, bir çox təhlükələri var. Belə ki, tərkibində C vitamini olan meyvə və tərəvəzlər doğranıldıqdan sonra hava ilə təmasda olur, faydalı antioksidant maddələrin miqdarı sürətlə azalır. Uzun müddət qaldıqda, qida dəyəri aşağı düşür. Bəzi meyvə və tərəvəzlərin tərkibindəki qida maddələrinə görə, doğrandıqdan sonra rəngini dəyişir. Bunun qarşısını almaq üçün kimyəvi, süni maddələr, rəngləndiricilər, konservantlardan istifadə edilir. Onlar miqdarından çox olduqda, əksər insanlarda allergiyaya, həzm problemlərinə gətirib çıxarır. Meyvə və tərəvəzlər uzun müddət plastik qablarda saxlanılır və istiliyə məruz qalırsa, qabların tərkibindəki “Bisfenol A” maddəsi qidaya keçə bilər. Bu formada davamlı istehlak isə xərçəng yaratmaq xüsusiyyətinə malikdir”.
Mütəxəssis bildirib ki, meyvə və tərəvəzlər sanitar-gigiyena normalarına əməl edilmədən doğranılıbsa, kəsik hissələrdən bakteriyaların çoxalma sahəsi geniş olur:
“Belə məhsullar düzgün saxlanılmadıqda, bir çox bakteriyalarla çirklənmə riski var. Bu cür qidaların qəbulu həzm sisteminin pozulması, bağırsaq mikroflorasının pozulması, immun sisteminin aşağı düşməsi ilə nəticələnir. Yaxşı olar ki, onlar gündəlik istehlak olunmasın. Yaxud etibarlı, mənşəyi bəlli olan yerlərdən, marketlərdən alınmalı, xüsusilə də soyuq zəncir prinsipi pozulmadan hazırlanmış, etiketlənmiş və qısa müddətdə saxlanma müddətinə malik olan məhsullar olmalıdır. Ümumiyyətlə, mümkün qədər meyvə və tərəvəzlərin mövsümündə alınması və insanların özlərinin hazırlaması tövsiyə edilir”.
- Abbaszadə Fidan