Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “16 oktyabr – Ümumdünya Qida Gününə” həsr olunmuş maarifləndirici tədbir keçirildi:

0 Shares

13 oktyabr 2025-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “16 oktyabr – Ümumdünya Qida Günü”nə həsr olunmuş “Yeniyetməlik və gənclik illərində sağlam qidalanmanın vacibliyi” mövzusunda genişmiqyaslı maarifləndirici tədbir uğurla həyata keçirildi.

Tədbirin əsas məqsədi gənclər və yeniyetmələr arasında sağlam qidalanma vərdişlərini təşviq etmək, qida təhlükəsizliyi və sağlam həyat tərzi haqqında bilik və məlumatları artırmaq, həmçinin sağlam gələcək naminə profilaktik maarifləndirmə işlərini gücləndirmək olub.

Tədbirə dəvət olunan fəxri qonaq — Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının təsisçisi və rəhbəri, sağlam həyat tərzi üzrə beynəlxalq təlimçi-ekspert Məhsəti Hüseynovanın təqdim etdiyi interaktiv təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclərin maariflənməsinə ciddi töhfə verib.

Tədbirdə dövlət və ictimai qurumların nümayəndələri, səhiyyə və təhsil sahəsinin mütəxəssisləri iştirak ediblər.

Azər Bayramov – Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini isə çıxışında vurğulayıb ki, təhsil müəssisələrində sağlam həyat tərzi və düzgün qidalanma haqqında maarifləndirici fəaliyyətin erkən yaşlardan başlanması, gələcək nəsillərin sağlam böyüməsində mühüm rol oynayır.

Eldəniz Zeynalov – Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı öz çıxışında vurğulayıb ki, sağlam qidalanma yalnız fərdi sağlamlıq deyil, həm də ictimai rifah və milli prioritet məsələsidir. O qeyd edib ki, dövlətin bu sahədə həyata keçirdiyi maarifləndirici tədbirlər gənc nəslin sağlam böyüməsinə mühüm töhfə verir.

Valeh Əmrahov – Nizami rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi bildirib ki, gənclər arasında düzgün qidalanma vərdişlərinin formalaşdırılması həm idman göstəricilərinin, həm də ümumi sağlamlıq səviyyəsinin yüksəlməsinə səbəb olur. Onun sözlərinə görə, balanslı və düzgün qidalanma gənc nəslin həm fiziki, həm də intellektual inkişafı üçün zəruri şərtdir.

Aysel Məmmədova – Bakı şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin baş həkimi sağlam qidalanma və profilaktik səhiyyə arasında birbaşa əlaqəyə diqqət çəkib. O bildirib ki, düzgün olmayan qidalanma vərdişləri gələcəkdə ürək-damar, mədə-bağırsaq, piylənmə, diabet kimi ciddi xəstəliklərin yaranma riskini artırır.

Sağlam həyat tərzi üzrə beynəlxalq təlimçi-ekspert, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib:

“Yeniyetməlik dövrü orqanizmin ən həssas inkişaf mərhələlərindən biridir. Bu dövrdə düzgün qidalanma yalnız fiziki sağlamlığı deyil, həm də zehni inkişafı, diqqət və yaddaşı, oxu qabiliyyətini birbaşa gücləndirir. Təəssüf ki, bu yaş qrupunda hazır qidalar, fast food və qazlı içkilər kimi sağlamlığa zərərli məhsulların istehlakı artır. Ona görə də məqsədimiz gənclərdə sağlam seçim vərdişləri formalaşdırmaqdır.”

O həmçinin qeyd edib ki, yerli və təbii məhsullardan istifadənin təşviqi, qida təhlükəsizliyinə diqqət, vitamin və minerallarla zəngin rasion gənclərin immun sistemini möhkəmləndirir, orqanizmi xəstəliklərə qarşı daha davamlı edir.

Tədbir çərçivəsində gənclərə sağlam həyat tərzi, düzgün qidalanma prinsipləri, vitamin və mineral balansı haqqında maarifləndirici məlumatlar təqdim olunub, interaktiv sual-cavab sessiyaları keçirilib.

Tədbirin uğurla təşkilinə verdikləri dəstəyə görə Qida Təhlükəsizliyi Hərəkatının aktiv üzvləri — Simuzər İsmayılova və Nərmin Rəhimovaya rəsmi təşəkkürnamə təqdim olunub.

Bundan əlavə, aktiv iştirakçılara Məhsəti Hüseynova və Asim Vəliyevin müəllifliyi ilə çap olunmuş “İslamda qida mədəniyyəti” və “Sağlam gələcək sağlam qidadan başlayır” kitabları hədiyyə edilib.

Bu maarifləndirici görüş gənclər arasında sağlam qidalanma vərdişlərinin təşviqi, profilaktik maarifləndirmə tədbirlərinin gücləndirilməsi və ictimai sağlamlıq mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir iştirakçıları yekdil şəkildə qeyd ediblər ki, sağlam qidalanma mövzusu yalnız fərdi məsələ deyil, ictimai sağlamlığın qorunması və davamlı gələcək quruculuğunun vacib tərkib hissəsidir.

  • Abbaszadə Fidan