Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daha 3 yerli və 5 idxal olmaqla, ümumilikdə, 8 dondurma məhsulunda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriyanın (Enterobacteriaceae) aşkarlandığını bildirib. Qeyd olunub ki, uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı 7 müəssisə barəsində məhdudlaşdırıcı tədbirlər görülüb. Ümumilikdə, monitorinq müddətində uyğunsuzluq aşkar edilmiş 2809 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması, 2569 ədəd məhsulun isə məhv edilməsi təmin edilib.
Bəs, dondurma məhsullarında təhlükəli bakteriyaların yaranması nə ilə əlaqədardır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, son aparılan monitorinqlər, 26 istehsalçıya məxsus 69 dondurmadan götürülən nümunələr nəticəsində məhsullarda insan sağlamlığına təhlükə yaradan bakteriyaların aşkar edildiyini göstərdi.
Məhsəti Hüseynova qeyd edib ki, bu kimi monitoriqlərin aparılması müəssisələrin inkişafı və daha keyfiyyətli məhsulların alıcılara təqdim edilməsini təmin edir:
“Dondurma süd məhsuludur və heyvan mənşəli qidadır. Ona görə mütləq şəkildə burda istifadə edilən süd sağlam heyvandan əldə olunmalıdır. Baytar nəzarətindən keçən hevanlardan əldə olunan südün sağılması, daşınması prosesində sanitar və gigiyenik normalara əməl olunmalıdır. Çünki süd zülal mənşəli olduğuna görə, tez xarab olmağa meyillidir. Tərkibindəki mikroorqanizmlərin çoxalması insan sağlamlığında bir çox fəsadlara yol aça və gələcəkdə qarşısı alınmaz problemlərlə nəticələnə bilər. Xüsusilə, qaymaq, yağ və s. əlavə istifadə olunan məhsullar mütləq şəkildə keyfiyyətli olmalıdır. Bəzən süd əvəzinə quru süddən, həmçinin, sənaye üsulu ilə hazırlanmış süd yağı əvəzedicilərindən istifadə olunur. Bunlar da bir çox həssas insanlarda sağlamlıq problemlərinə yol aça bilər.
“Enterobacteriaceae” bakteriyalarının 50-yə yaxın növü var və hər biri insan sağlamlığında bir çox xəstəliklərin yaranmasına gətirib çıxardır. Bunlar da, əsasən, iltihabi xəstəliklərə, xüsusən, bağırsaq mikroflorasının dəyişməsinə, tənəffüs yolları, böyrək xəstəliklərinə, iltihabi xəstəliklərin digər orqanlarda problemlərə səbəb olduğunu göstərir. Bəzən insanlar bu məhsulları qəbul etdikdən sonra bağırsaq mikroflorası dəyişdiyi üçün ishal halı yaşayırlar. Çox vaxt ishal ilə qəbizlik bir-birini növbəli şəkildə əvəzləyərək immun sisteminin aşağı düşməsinə gətirib çıxarır. Ona görə, keyfiyyətli və mənşəyi bəlli olan dondurmadan istifadə edilməlidir.
Bu kimi monitoriqlərin aparılması yüksək qiymətləndirilir. Monitorinqin nəticəsinin ictimaiyyətə açıqlanması, özlüyündə bu işin daha məsuliyyətli olduğunu göstərir. Daha yaxşı olar ki, həmin partiyadakı dondurmaların satışdan geri çağrılması və o məhsulların məhv olunması da ictimaiyyətə çatdırılsın. Çünki əks halda insanlar arasında sual yaranır. Bu cür hallarda cərimə tədbirlərinin sərtləşməsi də məqsədə uyğundur. Çünki, bir çox insanların, xüsusən azyaşlıların, yüksək riski olan ahıl insanların bu məhsulları istifadə etməsi bir çox hallarda ölümlə nəticələnə bilər.
Bəzən dondurmaların tərkibində kərə yağı istifadə olunduğu qeyd olunsa da, tərkibində bitki yağı aşkarlanır. Bəzilərində bitki yağı yazılsa da, dəqiq hansı bitki yağından istifadə olunduğu qeyd olunmur. Bunlar da məhsulun keyfiyytində şübhə doğurur. Ümumiyyətlə, keyfiyyətli dondurma süd, yağ və qaymaqdan ibarət olmalıdr. Əlavə dadlandırıcı olaraq şəkərdən və ya baldan, bəzən isə çərəzlərdən istifadə olunur. Yaxşı olar ki, müddəti az olan dondurmalardan istifadə olunsun. Paketlənmiş dondurmalarda mütləq paketin tamlığı pozulmamalı, üzərindəki yazılar, istehsalçı şirkət və məhsulun tərkibi haqqında məlumat aydın şəkildə qeyd olunmalıdır. Məhsulun 70% ə yaxını əsas olan süd, qaymaq və yağdan ibarət olmalıdır. Rəf ömrü uzundursa bu zaman həmin məhsulları keyfiyyətli dondurma hesab etmək olmaz”.
~ Abbaszadə Fidan