“Yay mövsümündə xüsusilə sudan daha çox istifadə olunur. Yaxşı olar ki, sudan istifadə edərkən sağlamlığa fayda baxımından mütləq şəkildə doğru şəraitdə saxlanılmasına, düzgün qablaşdırılmasına, həm də temperatur rejiminə, tərkibinin keyfiyyətinə diqqət edilsin. Şüşə qablarda satılan sulardan istifadə edilməsi məsləhətdir. Vətəndaşlar plastik qablarda satılan sulardan istifadə etdikləri təqdirdə isə diqqət edəcəkləri əsas məqam həmin suların üzərindəki etiket məlumatlarında istehsalçı şirkət və suyun tərkibi, tərkibindəki minerallar, xüsusilə PH səviyyəsi barədə məlumatların tam göstərilməsidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Mütəxəssis bildirib ki, plastik butulkalarda olan suların saxlanılma şəraiti 5 dərəcədən 20 dərəcəyə qədər olmalıdır:
“Nəzərə alsaq ki, yay mövsümündə havalar 30-34 dərəcə, hətta bəzən daha yüksək olur. Ancaq açıq hava şəraitində saxlanılan sular sonradan soyuducuda soyudularaq satışa verilir. İnsanlar bəzən bu suların təhlükəsindən xəbərdar olmurlar. Çünki 20 dərəcədən yuxarı temperaturda saxlanıldıqda plastik qabların tərkibindəki mikrohissəciklər, eyni zamanda Bisfenol A (BPA) maddəsi istinin təsirindən suya, eləcə də qidaya keçir. İnsan həmin suyu, qidanı qəbul etdikdə həmin maddələr orqanizmdə toplanır, zamanla bir çox problemlərə gətirib çıxarır. Bu, bəzən özünü həmin an deyil, bir neçə il sonra göstərə bilir. Ümumdünya Səhiyyə Təşkilatının və elmi araşdırmaların nəticəsi də göstərir ki, Bisfenol A maddəsi və onun qidalara keçməsi orqanizmdə müxtəlif növ xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Buna görə də mütləq sərin şəraitdə saxlanılan, daşınmasında problem olmayan, soyuq zəncir prinsipi pozulmayan suların alınmasına diqqət etsinlər. Mütləq şəkildə açıq havada, günəş şüaları altında satılan suları almaqdan çəkinsinlər. Bəzən məhləarası köşklər, yaxud kiçik marketlərdə soyuducu yetəri qədər soyutmur. Həmin satış yerlərinin temperaturu 20 dərəcədən yuxarıdırsa, bu zaman su və su məhsullarının alınması təhlükəli hesab olunur. Yaxşı olar ki, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş az həcmli suları alsınlar. Çünki həmin suların qablaşdırılması zamanı istifadə edilən texnologiya az müddət üçün istifadəni nəzərə alıb. Dəfələrlə qapağın açılıb təkrar istifadə olunması da bəzən suyun oksigenlə təmasa keçməsinə və tərkibini dəyişməsinə gətirib çıxara bilər”.
~ Abbaszadə Fidan