“Uzun illərdir ki, ermənilər regionda, Azərbaycanın Qarabağ ərazisində və Azərbaycanla həmsərhəd ərazilərdə ekoloji tarazlığın pozulması, ekoloji terrorun həyata keçirilməsi, beynəlxalq konvensiyaların bütün şərt və tələblərinin pozulması istiqamətində indiyə qədər yüzlərlə ekoloji qanun pozuntuları törədib”. Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
Onun sözlərinə görə, onlar flora və faunanın məhv olması istiqamətində əllərindən gələni ediblər: “Ermənilər təbiətin yandırılması, qanunsuz istifadə, yeraltı sərvətlərin talanması, beynəlxalq cinayət törədilməsi, eyni zamanda bütün qoşulduqları konvensiyaların tələblərinin pozulması istiqamətində illər ərzində dayanmadan ekoloji genosid həyata keçiriblər. Biz bütün beynəlxalq təşkilatlara QHT-lər olaraq bəyanatlar vermişik. Ermənistan əhalisinə də bizim QHT-lər müraciət edib. Bilirsiniz ki, Şuşa-Laçın yolunda 140 gün aksiya keçirilib. Həmçinin, digər aksiyalar da olub. Bütün bu aksiyalar və beynəlxalq təşkilatlara göndərdiyimiz bəyanatlar heç bir nəticə verməyib. Yeganə nəticə Laçın yolunda post qoyulması olub. Bu Azərbaycanın qanunu sərhəd postudur.
Ermənilər bilsin ki, bütün bu ekoloji terror onların özlərinə qayıdacaq. Təbiət ona qarşı genosid həyata keçirənləri bağışlamır. İnsan da bunu bağışlamır. Xalqımıza qarşı həyata keçirilən genosid, soyqırım və təxribatlar hansısa formada ermənilərin özlərinə qayıdacaq.
Əgər ermənilər dinc qonşuluq şəraitində yaşamaq istəyirlərsə, bu hallara son qoysunlar, terrorist əməllərindən əl çəksinlər”.