Sürətlə yayılan dabaq xəstəliyi süd məhsulları bazarına da təsir edib! – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:

0 Shares

Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məhsulları bazarına da təsir edib.

Məsələ ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, son günlərdə yayılan dabaq xəstəliyi heyvan mənşəli qidalarda bir çox risklərə səbəb olmaqla yanaşı, eyni zamanda insanlar arasında da ət, süd məhsullarına qarşı inamsızlıq və təşvişə səbəb olur:

“Burada diqqət ediləcək əsas məqam istər ət, istərsə də süd məhsullarını mənşəyi bəlli olan yerlərdən almaq lazımdır və yaxşı bişirilməsinə diqqət olunmalıdır. Yarı çiy yaxud az bişmiş məhsuldan istifadə etmək tövsiyyə olunmur. Xüsusilə süd məhsullarının, xəstə heyvanlardan alınan süd məhsullarının keyfiyyətsiz olması, məsələn daha tez xarab olmağa meyilli olması, tərkibinin pozulmasıyla yanaşı insan orqanizmində də bir sıra fəsadlar törədə bilər. Ona görə də məhsulu alarkən dövlət nəzarətində olan yerlərdən alınması vacibdir. Rəsmi etiketli, sertifikatlaşdırılmış məhsulları almaq lazımdır. Məhəllə arası satılan kənd məhsulları kimi mənşəyi bəlli olmayan, gün ərzində açıq havada saxlanılan məhsulları almaqdan qaçınmaq lazımdır. Eyni zamanda alıb gətirdikdən sonra dadında, qoxusunda, görünüşündə hər hansı bir dəyişiklik hiss olunursa, bu məhsuldan istifadə etmək olmaz. Bu kimi məhsullar az yaşlılar, yuxarı yaşlılar, xroniki xəstəliyi olanlar, hamilələr üçün daha ciddi fəsadlara gətirib çıxara bilər”.

  • Abbaszadə Fidan