Su nə zaman ölümcül zəhərlənmələrə səbəb ola bilər? – AÇIQLAMA

0 Shares

Qida Təhlükəsizliyi Agentliyi bir neçə gün əvvəl Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin qidadan deyil, sudan olduğunu açıqlayıb.

Bildirilib ki, hadisələr məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verib. Zəhərlənmənin detalları ilə bağlı araşdırmalardan sonra geniş məlumat veriləcəyi vurğulanıb.

İnsanlar çox zaman qida zəhərlənməsindən əziyyət çəkir və hadisələr də əsasən qidalardan baş verir. Mütəxəssislər isə bildirir ki, su doğru saxlanmadığında, yaxud mənbəyi naməlum olduqda ölümcül zəhərlənmələrə yol aça bilər.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova TNS-ə açıqlamasında bildirib ki, qida zəhərlənmələri kimi, sudan zəhələnmə halları da daha çox yay aylarında baş verə bilər: “Sudan zəhərlənmə halları qaynağından götürülən su düzgün formada saxlanılmadıqda baş verə bildiyi kimi, suyun insanlar tərəfindən çirkləndirilməsi səbəbindən də yarana bilir. İnsanlar təbiətdə olan axar suların əksəriyyətinin təmiz olduğunu düşünür ki, bu da yanlış düşüncədir. Bir çox hallarda həmin axar sulara  insan və heyvan tullantıları atıla bilir. Onların da tərkibində bir çox patogen mikroorqanizmlər var. Bu mikroorqanizmlər suda çox sürətlə çoxalır. Yay aylarında temperatur yüksək olduqda bu cür suların içilməsi və yaxud yeməklərin hazırlanmasında, tərəvəzlərin yuyulmasında istifadəsi sağlamlıq problemlərinə yol aça bilər. Meyvələr soyulmursa, təmiz su ilə təmizlənmirsə, məhsullar qaynadılmırsa, mikroblar sürətlə insan orqanizminə keçə və zəhərlənməyə səbəb ola bilər. Eyni zamanda, həzm problemləri yarada bilər. Əgər alternativ təmiz su yoxdursa, sudan yarana biləcək təhlükədən qorunmaq üçün onu qaynadaraq istifadə etmək lazımdır. Çünki həmin sulardakı mikroorqranizmlər ya qaynatdıqda, ya da yüskək səviyyədə sənaye üsulu ilə təmizləmədən keçdikdə təmizlənə bilər”.

Mütəxəssis bildirib ki, əks halda çirklənmiş suların tərkibində e.coli kimi tanınan bakteriya, salmonella, şigella kimi bakateriyalar ola bilər.

M.Hüseynova vurğulayıb ki, adı keçən bakteriyalar mədə-bağırsaq problemi ilə yanaşı, immun sistemi zəif insanlarda, xroniki xəstəliyi olanlarda və uşaqlarda zəhərlənmə ilə yanaşı, ölümə də səbəb ola bilər: “Təhlükədən qorunmaq üçün mənbəyi bəlli olmayan axar sudan, tərkibi ilə bağlı məlumatsız olduğumuz sudan istifadəyə yol verilmir. Əks halda, xoşagəlməz nəticələr qaçılmaz ola bilər”.

  • Hüseynli Nərgiz