Son zamanlar zəhərlənmə halları niyə artıb? – Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA

0 Shares

“Son dövrlər dönərdən zəhərlənmə halları gündən-günə artır. Xüsusilə, bu kimi hallar azyaşlılarda daha təhlükəli nəticələrlə sonlanır. Burada əsas məsuliyyət sahibkarın üzərinə düşür, zəhərlənmələr sahibkarın qaydalara uyğun düzgün fəaliyyət göstərməməsi nəticəsində baş verir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi mütəmadi olaraq yoxlamalar aparıb, əhalinin sağlamlığının qorunması yolunda nəzarət mexanizmini gücləndirməlidir. Çünki belə qidalar daha çox məktəb və bu kimi insanların sıx olduğu ərazilərdə satılır. Burada da yayınmaq mümkün deyil. Bir çox hallarda zəhərlənmə baş verdikdən sonra AQTA-nın apardığı monitorinqlər, laboratoriyanın nəticələri də göstərir ki, həmin müəssisə heç də qanunauyğun şəkildə, sanitar gigiyena normalarına əməl edərək fəaliyyət göstərmir. Nəticədə, məhz belə xoşagəlməz hallar baş verir”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

M.Hüseynova bildirib ki, zəhərlənmələr istifadə olunan qida məhsullarının, xüsusən də, ətlərin keyfiyyətsiz, ucuz olmasından, xəstə heyvan ətlərindən istifadə edilməsindən, eyni zamanda saxlanılma şəraitinin düzgün olmamasından qaynaqlanır: “Ət daha yüksək temperaturda saxlanıldıqda onun tərkibində bakteriya və mikroorqanizmlərin çoxalması üçün uyğun şərait yaranır. Bəzən də bu məhsullar sanitar gigiyena normalarına əməl edilmədən hazırlanır. Belə olan halda məhsul həm fiziki, həm də kimyəvi çirklənməyə məruz qalır. İnsanların bu cür qidaları qəbul etmələri həzm sisteminin pozulması, eyni zamanda zəhərlənmə ilə nəticələnir. Xüsusilə, belə qidalarda el arasında çin duzu kimi tanınan sentetik mənşəli mono natrium qlütomat maddəsi də istifadə olunduqda həmin qida dadlı olmasa belə, insanlar arasında asılılıq yaradır və insanlar davamlı onu istehlak etmək istəyirlər. Bu da 20 yaşa qədər orqanizmdə daha çox özünü göstərir, çünki ağızda ənənəvi dad reseptorları pozulduğu üçün yeniyetmələrə, gənclərə, azyaşlılara bu kimi qidaları verdikdə davamlı olaraq tələbat yaranır. Hər hansı qidalılıq, vitamin və mineral dəyəri olmayan qidaları qəbul etdikdə insanların orqanizmində inkişaf prosesi düzgün getmir. Xüsusilə, dönərin yanında istifadə olunan keççup və mayonezlərin bəzən istehsal tarixi, son istifadə müddəti bilinmir. Çünki böyük qablarda istifadə edirlər, bunlar dönər bişirlən yerdə isti şəraitdə, açıq şəkildə saxlanılır, tərkibi artıq dəyişikliyə məruz qalır. Bu məhsullar da zəhərlənməyə səbəb ola bilər. İstifadə olunan göyərtilərin, tərəvəzlərin təmiz yuyulmaması, eyni zamanda işçi heyətin mütəmadi olaraq sanitar gigiyena qaydalarına əməl etməmələri, tibbi müayinədən keçməmələri belə qidalar hazırlanarkən müəyyən sağlamlıq problemlərinə gətirib çıxarır. Mütləq şəkildə “əlüstü”, yol kənarında satılan, mənşəyi bəlli olmayan qidalardan uzaq durmaq lazımdır. Eyni zamanda dönər satılan məkanlarda vaxtlı-vaxtında dezinfeksiya işləri, həşəratlara, gəmiricilərə qarşı mütəmadi olaraq profilaktik işlər aparılmadıqda yoluxma riski artır, qidanın çirklənməsi nəticəsində zəhərlənmə halları baş verir. Buna görə də alınan məhsulların mənşəyinə, satılan yerin təmiz olub-olmamasına, eyni zamanda satıcının qida ilə bağlı təmasında əlcəkdən istifadə etməsinə, əllərinin təmizliyinə mütləq diqqət etmək lazımdır”. 

~ Abbaszadə Fidan