Sirkə hansı hallarda zərərlidir? Mütəxəssis Məhsəti Hüseynovadan AÇIQLAMA:
“Hər bir insanın sağlamlıq vəziyyəti və orqanizmin fərdi xüsusiyyətləri eyni deyil. Buna görə də sirkənin orqanizmə təsiri də fərqli ola bilər”.
Bu fikirləri Operativ Media-ya açıqlamasında qida mütəxəssisi Məhsəti Hüseynova deyib.
O bildirib ki, Azərbaycan dilində “sirkə” və rus dilində “uksus” anlayışları eyni mənanı versə də, istehsal üsulu və tərkibinə görə bu iki növ arasında mühüm fərq var:
“Təbii sirkə – alma, üzüm və ya digər meyvə-tərəvəzlərin təbii mayalanması nəticəsində alınır. Onun tərkibində asetik turşunun (sirkə turşusunun) miqdarı adətən 5–6 faiz olur.
Sənaye üsulu ilə hazırlanan “uksus” isə kimyəvi proses nəticəsində əldə edilir və tərkibində sirkə turşusunun miqdarı bəzən 70 faizə qədər, hətta daha çox ola bilər.
Bu səbəbdən yüksək faizli sənaye sirkəsindən birbaşa istifadə orqanizm üçün zərərli və hətta zəhərlənməyə səbəb ola biləcək qədər təhlükəlidir. Əvəzində, az faizli təbii sirkə bəzi hallarda həzm prosesini asanlaşdırmaq və dadlandırıcı kimi qida ilə birlikdə istifadə oluna bilər”.
Mütəxəssis bildirib ki, sirkə turşusu orqanizmin bir çox sistemlərinə müxtəlif təsirlər göstərə bilər:
1. Mədə-bağırsaq sistemi
- Mədə turşuluğu yüksək olan insanlarda sirkə mədənin selikli qişasını qıcıqlandıra bilər. Qastrit, mədə yanması və ya mədə xorası olan şəxslərdə vəziyyəti ağırlaşdıra bilər.
2. Diş sağlamlığı
- Sirkə turşusu diş minasını zədələyə, bu da diş çürüməsinə və həssaslığa səbəb ola bilər.
3. Boğaz və qida borusu
- Sirkəni sulandırmadan birbaşa qəbul etmək boğazda yanma və qida borusuna zərər verə bilər.
4. Dərmanlarla qarşılıqlı təsir
- Xroniki xəstəlikləri olan və mütəmadi dərman qəbul edən şəxslər sirkə istifadə etdikdə, sirkə ilə dərman arasında kimyəvi qarşılıqlı təsir baş verə bilər ki, bu da zərərli nəticələrə səbəb ola bilər.
5. Sidik-ifrazat və ürək-damar sistemi
- Həddindən artıq sirkə istifadəsi böyrəklərin zədələnməsinə, qanda kalium səviyyəsinin azalmasına və ürək ritminin pozulmasına gətirib çıxara bilər.
Məhsəti Hüseynova qeyd edib ki, sirkə bəzi hallarda orqanizmə faydalı təsir göstərə bilər, lakin doza, tərkib və fərdi sağlamlıq vəziyyəti nəzərə alınmadan istifadəsi sağlamlıq üçün risklidir.
“Bu səbəbdən sirkəli su və ya digər alternativ üsullardan istifadə etməzdən əvvəl, mütləq mütəxəssis həkimlə məsləhətləşmək, orqanizmin vəziyyətini və xəstəlik tarixçəsini nəzərə almaq lazımdır”, – deyə mütəxəssis əlavə edib.
- Abbaszadə Fidan